← Geri
Məktəbəqədər yaş dövründə qəzəb partlayışları: uşaqlara sağlam emosional tənzimləmə bacarıqlarının öyrədilməsi.
Müəllif: Zara Abrams/ Azərbaycan dilinə tərcümə və redaktə etdi: Leyla Sultan |
Tarix: 2025-12-05
Məktəbəqədər yaş dövründə qəzəb partlayışları: uşaqlara sağlam emosional tənzimləmə bacarıqlarının öyrədilməsi.
Uşaqların hissərini sözlə ifadə etməsinə dəstək olmaq və davranışa uyğun, ardıcıl nəticələr tətbiq etmək onların emosiyalarını daha effektiv şəkildə idarə etməsinə kömək edir.
Məktəbəqədər dövr uşaqların sosial-emosional inkişafında kritik mərhələ hesab olunur. Bu yaşda uşaqlar bəzən qapını çırpmaq, əşyaları yerə atmaq və ya yaşıdını itələmək kimi davranışlar nümayiş etdirə bilirlər. Bunun əsas səbəbi emosiyalarını və ehtiyaclarını ifadə etmək üçün dil bacarıqlarının və özünü tənzimləmə mexanizmlərinin hələ tam formalaşmamasıdır.
Belə emosional partlayışlar valideynlər üçün uşaqlara hisslərini tanımağı, ifadə etməyi və tənzimləməyi öyrətmək üçün mühüm imkan yaradır. Eyni zamanda, bu davranışlar bəzən stressin göstəricisi də ola bilər. Psixoloji araşdırmalar göstərir ki, ailə üzvünün xəstəliyi, valideynlərin boşanması və digər dəyişikliklər kimi stress faktorları uşaqlarda aqressiv və impulsiv davranışlar formasında özünü göstərə bilər.
Qəzəb və aqressiya normaldır, lakin valideyn reaksiyası həlledicidir.
Dünyaca məşhur psixoloq və neyrobiologiya professoru Kenneth Dodge (PhD) qeyd edir:
“Bu dövr uşaqlarda qəzəb və özünü idarəetmə bacarıqlarının formalaşdırılması üçün həlledici mərhələdir. Bu bacarıqlar sağlam psixoloji inkişaf və gələcək uğur üçün əsas rol oynayır.”
Əgər uşaqlıq dövründə davranış problemlərinə vaxtında müdaxilə edilməzsə, bu, gələcəkdə məktəb çətinliklərinə, psixi sağlamlıq pozuntularına, fiziki xəstəlik risklərinə və hətta maddə istifadəsinə qədər uzanan nəticələrə səbəb ola bilər.
Sevindirici haldır ki, elmi təsdiqli müdaxilə proqramları mövcuddur. Family Check-Up və Incredible Years kimi proqramların təsirliliyi çoxsaylı randomizə edilmiş tədqiqatlarla sübut edilib. Bu proqramlar uşaqlarda emosional tənzimləmə, sosial bacarıqlar və davranış nəzarətinin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Aşağıdakı tövsiyələr də məhz həmin elmi bazaya əsaslanır.
Uşaqlara qəzəb və məyusluqla necə kömək etmək olar?
1. Sakitləşmə bacarıqlarını öyrədin
Kiçik uşaqlar çox vaxt istədiklərinə çatmadıqda və ya özlərini ifadə edə bilmədikdə intensiv emosional reaksiya verirlər. Valideynlər aşağıdakı üsullardan istifadə edə bilər:
Uşağın əllərini tutub birlikdə dərin nəfəs almaq.
Aşağıdakı kimi model cümlələrdən istifadə etmək:
“Sən indi bir az əsəbiləşmisən, mən də bunu hiss edirəm. Gəl birlikdə dərin nəfəs alaq və nə baş verdiyini anlamağa çalışaq.”
Klinik psixoloq Carolyn Webster-Stratton (PhD) əlavə strategiyalar təklif edir:
Özünə yönəlik sakitləşdirici ifadələr:“Mən bacararam”, “Mən sakit qala bilərəm”.
Müsbət təsəvvürlər: Uşağın özünü təhlükəsiz və rahat hiss etdiyi yerlərin təsvir olunduğu kiçik şəkil kitabçaları.
Vizual vasitələr: “Emosional termometr” – uşaq qəzəb intensivliyini “qırmızıdan mavi rəngə” endirdiyini vizual olaraq görür.
2. Emosiyaları ifadə etmək üçün söz ehtiyatını genişləndirin.
Uşaq hisslərini tanımağı öyrəndikdə, aqressiv davranışlar azalır və onların yerini sözlü ifadələr tutur.
Valideynlər uşaqlara aşağıdakı emosional terminləri öyrədə bilər:
-Qəzəbli
-Kədərli
-Sevincli
-Həyacanlı
-Məyus
-Qorxmuş
-Sakit
Penn State Universitetinin professoru Mark Greenberg (PhD) tövsiyə edir:
Hər duyğunu bədən hissləri ilə əlaqələndirmək:
Uşağın müsbət emosiyalarını da qeyd etmək və gücləndirmək:
“Sən indi çox səbirli davrandın, bu əslində çətin bacarıqdır və sən bunu etməyə çalışırsan.”
3. Davranışa uyğun nəticələri ardıcıl tətbiq edin.
Qayda pozulduqda valideynin reaksiyası ardıcıl və izahlı olmalıdır.
Məsələn:
Uşağı 15 dəqiqəlik “time-out”a yönləndirmək
Televiziya vaxtını 1 saat azaltmaq
Və mütləq səbəbi izah etmək:
“Səni 15 dəqiqəlik time-out-a göndərirəm, çünki boşqabı divara atdın.”
4.Bu səhvlərdən qaçının.
Nəticələr hər dəfə eyni qaydada tətbiq edilməlidir.
Həddindən artıq sərt cəzalar uşağın psixoloji inkişafına zərər vurur və davranışın daha da pisləşməsinə səbəb ola bilər.
5. Nə zaman mütəxəssisə müraciət etmək lazımdır?
Məktəbəqədər yaş dövründə ara-sıra baş verən qəzəb partlayışları normaldır.
Aşağıdakı hallar müşahidə olunursa, psixoloqla məsləhətləşmək tövsiyə olunur:
-Aqressiv davranış uzun müddət davam edirsə
-Davranış həm evdə, həm də məktəbdə təkrarlanırsa
-Uşaq stress faktoru ilə üz-üzədirsə (boşanma, itki, xəstəlik və s.)
-Davranış bir neçə həftə ərzində dəyişmirsə
Təsdiqlənmiş müdaxilə proqramları:
Family Check-Up: Valideynlərə sərhədlərin qoyulması və çətin davranışlara adekvat reaksiya verməyi öyrədir.
Incredible Years: Uşaqlarda sosial, emosional və davranış bacarıqlarını, valideynlərdə isə effektiv tərbiyə strategiyalarını inkişaf etdirən proqramlar toplusudur.
Uşağın davranışını qiymətləndirərkən konteks də nəzərə alınmalıdır:
Davranış yalnız evdə baş verir, yoxsa məktəbdə də təkrarlanır?
Bu, stressə və ya dəyişikliklərə reaksiya ola bilərmi?
Əgər davranış müxtəlif mühitlərdə müşahidə olunur və zamanla azalmaq əvəzinə davam edirsə, psixoloq dəstəyi almaq faydalı olar.