“Psixoloji Sağlamlığa Multidissiplinar Elmi Baxış” Simpoziumu
← Geri Cover

“Psixoloji Sağlamlığa Multidissiplinar Elmi Baxış” Simpoziumu

Müəllif: Psyche Psychology Center | Tarix: 2026-03-01


Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə 1 Martda “Psixoloji Sağlamlığa Multidissiplinar Elmi Baxış” simpoziumu baş tutdu.
1 mart 2026-cı il tarixində Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə beş saat davam edən “Psixoloji Sağlamlığa Multidissiplinar Elmi Baxış” simpoziumu keçirildi. Tədbir psixoloji sağlamlıq sahəsində elmi yanaşmaların multidissiplinar baxışını təqdim etməyi hədəfləyir və müxtəlif sahələrdən ekspertləri bir araya gətirirdi.
Simpozium çərçivəsində ilk panel “Hamiləliyin 10-cu ayı: İnkişaf Doğulmadan Başlayır” mövzusuna həsr olunmuşdu. Burada klinik psixoloq Rövşən Nəcəfov, uşaq və yeniyetmə psixoloqu Leyla Sultan, psixoloq Lamiyə Miryaqubova və psixoloq Ramil Nəzərəliyev hamiləliyin son mərhələsində ana və körpənin psixoloji inkişafına dair ətraflı məlumat təqdim etdilər və iştirakçılarla müzakirələr apardılar.
Simpoziumun ikinci paneli “Perinatal Dövrdə Psixoloji Sağlamlığın Ana və Uşağın Erkən İnkişafına Təsiri” mövzu almışdı. Burada çıxış edən psixiatr, Xəzər Universitetinin müəllimi və Harvard İctimai Səhiyyə Məktəbinin təqaüdçüsü Aygün Zeynalova təcrübəsini paylaşdı. Klinik psixoloq və psixoterapevt Qumru Şərifova, uşaq və yeniyetmə psixoloqu Leyla Sultan və Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Nazilə Hüseynova paneldə iştirak edərək perinatal dövrdə ana və körpənin psixoloji rifahının erkən inkişaf üzərindəki təsirlərini müzakirə etdilər.
Üçüncü panel isə “Psixiatrik və Nevroloji Xəstəliklərdə Müalicə Yanaşmaları”na həsr olunmuşdu. Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının baş həkimi Leyla Bəşirova, Respublika Klinik Xəstəxanasının nevroloqu Nərgiz Məmmədova, klinik psixoloq Rövsən Nəcəfov və psixoloq Lamiyə Miryaqubova çıxış edərək multidissiplinar yanaşmanın əhəmiyyətini və psixiatrik-nevroloji xəstəliklərin müalicəsində birgə əməkdaşlığın vacibliyini vurğuladılar.
Bundan əlavə, paneldən kənar çıxışlar da təqdim olundu. Psixoloq və psixoterapevt Səbinə Nəzərova “Pozuntuların Ambulator Müalicəsində Multidissiplinar Komandanın Rolu” mövzusunda çıxış edərkən, psixoloq Ramil Nəzərəliyev “Hazırda Azərbaycanda Psixi Sağlamlığın Manifesti” mövzusunda iştirakçıları məlumatlandırdı.
Simpozium iştirakçılara psixoloji sağlamlıq sahəsində elmi və praktik bilikləri təqdim etməklə yanaşı, multidissiplinar əməkdaşlığın əhəmiyyətini də vurğuladı və sahədə gələcək əməkdaşlıq imkanları üçün platforma yaratdı.

PSYCHE Psixologiya mərkəzi