← Geri
Sosial Medianın Münasibətlərə Təsiri
Müəllif: Gülər İsgəndərova, Bakı Qızlar Universiteti, Təhsildə Sosial-Psixoloji Xidmət, II kurs |
Tarix: 2026-06-19
Sosial media mövzusu müasir dövrdə daim diqqət mərkəzindədir. Sosial medianın cəmiyyətə təsiri böyükdür və bunu inkar etmək olmaz. Bu təsir isə həyatın bir çox sahələrini əhatə edir. Xüsüsilə insalar arasında ünsiyyət və əlaqələrin qurulması sahəsində sosial medianın rolu daha çox hiss olunur. Facebook, İnstagram, Tiktok, Snapchat və X kimi platformalar vasitəsilə insalar dostları ailələri və digər şəxslərlə dünyanın istənilən yerindən asanlıqla əlaqə saxlaya bilirlər. Bu isə insanların ənənəvi ünsiyyət formalarını dəyişdirərək insanların daha sürətli və rahat şəkildə fikir paylaşmasına imkan yaradır. Bir tərəfdən sosial media insanlara başqaları ilə əlaqə qurmaq imkanı verir,özünü təcrid olunmuş hiss edən insanlar sosial mediada öz maraq və qabiliyyətlərini bölüşən icmalar taparaq daha rahat hiss edə bilirlər. Bu da insanlara sosial dəstək hissi verir və bəzi hallarda yalnızlığı azaltmağa kömək edə bilir. Digər tərəfdən isə insanların başqalarının zahirən görünən mükəmməl həyatını özləri ilə müqayisə etməsi natamamlıq və qısqanclıq hissi yarada bilər. Müasir romantik münasibətlərdə ən mühüm problemlərdən biri tərəflər arasında kommunikasiya çatışmazlığıdır. Partnyorlar öz emosiyalarını, daxili konfliktlərini və gündəlik problemlərini açıq şəkildə bölüşmədikdə münasibətdə emosional uzaqlaşma yaranır. Problemlərin həll olunmadan qalması zamanla münasibətin zəifləməsinə səbəb ola bilər.
Belə vəziyyətlərdə fərdlər çox vaxt diqqət, anlayış və dəstək kimi ehtiyaclarını münasibətdən kənar yerlərdə axtarmağa başlayırlar. Sosial media və digər müxtəlif onlayn platformalar bu boşluğu doldurmaq üçün ən əlçatan vasitələrdən biridir. Özünü real münasibətdə ifadə edə bilməyən fərd sosial media da tanımadığı şəxslərlə ünsiyyət quraraq emosional rahatlıq əldə etməyə çalışır.
Bu cür onlayn ünsiyyət ilkin mərhələdə problemsiz görünə bilər çünki qarşı tərəf çox vaxt yalnız eşitmək istənilən cavabları verərək ideal dinləyici obrazı yaradır. Lakin bu virtual yaxınlıq müəyyən risklər də daşıya bilir. Rəqəmsal mühitdə müəyyən hallarda həssas insanlar çox vaxt həddindən artıq şəxsi məlumat paylaşa bilirlər. Bu isə gələcəkdə həmin məlumatların sui-istifadə olunması, manipulyasiya və ya etibardan sui-istifadə kimi hallara yol aça bilər.
Sosial media real münasibətlərdə yaranan problemlərin həlli üçün alternativ bir çıxış yolu deyil, əksinə, düzgün istifadə olunmadıqda həmin problemləri daha da dərinləşdirə bilən bir mühitdir. Sağlam münasibətlərin qorunması virtual ünsiyyətdən qaçmaqla deyil, tərəflərin birbaşa, açıq və səmimi dialoq qurması ilə mümkündür. Problemin həlli real həyatda, partnyorlar arasında birgə kommunikasiya və qarşılıqlı anlaşma ilə təmin olunmalıdır. Lakin sosial medianın təsiri yalnız münasibətlərin daxili kommunikasiya problemləri ilə məhdudlaşmır; o, həm də fərdlərin özünəqavrayışına və özünəinamına təsir göstərir.
Bununla yanaşı, sosial mediada like və şərhlər vasitəsilə təsdiq axtarışı kimi davranışlar özünəinamı azalda bilər. Bu kimi vəziyyətlər zamanla insanların münasibətlərə yanaşmasına da təsir edir və onların daha çox sosial mediada gördüklərinə əsaslanaraq düşünməsinə səbəb olur. Bunun nəticəsində də münasibətlər artıq real hisslər üzərində yox,eləcə də sosial şəbəkələrdə formalaşan fikirlər və gözləntilər üzərindən dəyərləndirilməyə başlayır. Bu kimi hallar “modern dating” adlandırılan yeni münasibət mühitinin yaranmasına səsbəb olur. Modern dating dünyası hər iki cins üçün demək olar ki qəddardır. Hissləri strategiyalar,güvəni isə qərəz əvəz edir. Müasir dövrdə sosial media platformaları fərdlərə təkcə ünsiyyət vasitəsi kimi deyil, eyni zamanda geniş sosial seçimlər təqdim edən bir mühit kimi çıxış edir. Yəni, Modern dünya artıq bir çox təcrübəni daha səthi yaşamağa doğru itələyir. Bir tərəfdən post-pandemiya dövründə sossiallaşma imkanlar azalır və insanlar partnyor tapmaq üçün daha çox internetə yönəlmiş olur. Digər tərəfdən isə onlayn tanışlıq platformaları eyni anda bir neçə insanla əlaqə qurmağı asanlışdıraraq münasibətlərin dəyərini bəzən zəiflətmiş olur. Münasibətlərdə monotonluq, emosional uzaqlaşma və ya kiçik konfliktlər yaşandıqda, sosial media platformaları istifadəçilərə çoxsaylı partnyor alternativləri təqdim edir və beləliklə “daha yaxşı seçim mövcuddur” düşüncəsi formalaşmış olur. Müasir dünyada qadın-kişi münasibətləri həddindən artıqdır ki kontentə çevrilib və bu da qarşı cinsə dair sərt,ümümiləşdirici fikirlərin formalaşmasına səbəb olur. Sosial media da ümümiyyətlə qarşı cins manipulyasiyası ilə bağlı paylaşımlar çoxdur. İnstagramda paylaşılan seriallar və filmlər kişi qadın münasibətlərini izah etməyə yönəlmişdir. Bunun nəticəsində də münasibətlər artıq real hisslər üzərində yox, eləcə də sosial şəbəkələrdə formalaşan fikirlər və gözləntilər üzərindən dəyərləndirilməyə başlayır. Beləcə, hər kəs sosial mediada videoya və ya posta gördükləri ilə qarşı tərəfə diaqnoz qoymağa başlayır. İnstagram, Tiktok və s.-də bunları daha çox görürük: “Əgər belə edirsə,tərk et” “Bu red flag-dir qaç” “Sən daha yaxşısına layiqsən”. Nəticə də isə insanlar sosial mediadan təsirlənib tez qərar verirlər,münasibətlərin dərinliyini nəzərə almırlar. İnsanlar real həyatdakı partnyorunu tanımaq əvəzinə, postda yazılanlara inanmağı seçirlər. Bu da sevginin və səmimiyyətin yerini şübhələrin alması ilə nəticələnir. Bəzi münasibətlər vardır ki, ailə və dostların təsiri altında formalaşır.
Dostlar münasibətin birbaşa iştirakçısı olmasalar da, tərəflərdən birinin rifahı və emosional vəziyyəti ilə maraqlandıqları üçün münasibəti qiymətləndirir və öz fikirlərini formalaşdırırlar (Etcheverry, Le və Hoffman, 2013). Bu qiymətləndirmə nəticəsində münasibət ya dəstəklənir, ya da pozulur. Tədqiqat nəticələrinə görə, dostun münasibətə məmnunluğu onun həmin müasibətə verdiyi dəstəyin güclü göstəricisidir (Etcheverry et al., 2013). Lakin bu dəstək hər zaman obyektiv reallığa deyil, dostun şəxsi qavrayışına da əsaslana bilər.
Bəzi hallarda cütlüklər öz münasibətləri ilə bağlı qərarları sosial çevrənin fikirlərindən həddindən artıq asılı şəkildə formalaşdırırlar. Sosial şəbəkələrdə və real həyatda verilən rəylər münasibətə dolayı şəkildə təsir edərək tərəflər arasında əlavə gərginlik yarada və birbaşa kommunikasiya prosesini zəiflədə bilər. Bu vəziyyət xüsusilə münasibət haqqında kənar şəxslərin fikirlərinin normadan artıq önəm daşıdığı hallarda daha qabarıq şəkildə müşahidə olunur.
Romantik münasibətlərdə konfliktlər yarandıqda emosional gərginlik bəzi fərdlər üçün təkbaşına idarə olunması çətin bir vəziyyətə çevrilə bilər. Belə hallarda insanlar çox vaxt öz sosial çevrələrinə müraciət edərək dəstək və məsləhət axtarırlar. Bu isə bəzən problemin həllini asanlaşdırsa da, bəzən də tərəflər arasında yanlış qavrayışların formalaşmasına və münasibət daxilində əlavə gərginliyə səbəb ola bilər. Münasibətlərin pozulmasına təsir edən digər mühüm amillərdən biri də fərdlərdə formalaşan qeyri-real gözləntilər və “yüksək standartlar”dır.Sosial media platformalarında paylaşılan məzmunlar çox vaxt seçilmiş, idealizə olunmuş və reallığı tam əks etdirməyən görüntülərdən ibarət olur. Bu isə istifadəçilərdə münasibətlərin “qüsursuz” olması ilə bağlı yanlış təsəvvür yarada bilər (Sprecher, 2011).
Məsələn, bir qadın sosial şəbəkələrdə dostlarının aldığı bahalı hədiyyələri, romantik jestləri və ideal görünən münasibət səhnələrini izlədikdə, öz münasibətini müqayisə etməyə başlayır. Bu zaman real münasibətdə ciddi bir problem və ya konflikt olmasa belə, fərd öz münasibətini “qiymətləndirmə” və “ölçmə” prosesinə daxil edir.
Belə müqayisələr nəticəsində partnyor tərəfindən göstərilən diqqət və emosional dəstək daha az dəyərli kimi qavranıla bilər. Sosial mediada yaradılan ideal münasibət obrazları real münasibətin normal və təbii dinamikalarını kölgədə qoyur. Bu isə zamanla ümumi münasibət məmnuniyyətinin azalmasına və emosional narazılığın formalaşmasına səbəb ola bilər.
Son dövrlərdə isə “breadcrumbing”, “love bombing” və “ghosting” kimi anlayışlar daha çox istifadə olunmağa başlamışdır. "Ghosting" termini ingilis dilindəki "ghost" (ruh) sözündən yaranmışdır. Cambridge lüğətinə görə ghosting, "bir insanla münasibəti onunla bütün əlaqəni qəfil dayandıraraq bitirmək üsulu" deməkdir.
Bu, telefon zənglərinə və mesajlara cavab verməmək, sosial şəbəkələrdə izləməyi dayandırmaq və ya qarşı tərəfi bloklamaq formasında baş verə bilər.
Ghostingin digər ayrılıq üsullarından fərqi ondan ibarətdir ki, qarşı tərəf nə baş verdiyini dərhal anlamır və münasibətin niyə bitdiyini başa düşməkdə çətinlik çəkir. Beləliklə,belə olduqda vəziyyəti qəbul etmək daha çətin olur.
Ghostingin mərkəzində çox vaxt qaçınma davranışı dayanır. Bunun təbii reaksiya olduğunu da əslində demək olar, çünki insanlar adətən diskomfortdan qaçmağa meyllidirlər. Əgər bir söhbət narahatedicidirsə bu söhbətdən üzləşmək əvəzinə qaçmağı seçirik. Bəzən insanlar bu cür əsaslanıdra bilir: “Cavab verməsəm,nəticələri ilə də üzləşməli olmayacağam”. Qaçınma davranışı heç də hər zaman mənfi deyildir.O həmdə özünü qoruma mexanizmidir. Amma bu davranış daimi bir üsluba çevrilərsə müəyyən problemlər yarana bilər. Çünki bu halda insan emosial məsuliyyətdən də davamlı şəkildə qaçar və öz münasibətlərinə həmçinin qarşı tərəfin emosional vəziyyətinə zərər vura bilər. Əslində ghosting yeni bir davranış deyildir. Termin yeni olsa da insan dostluq,ailə,sevgi münasibətlərində əlaqənin qəfil kəsilməsi hadisəsi baş verirdi. Sadəcə müasir dövrümüzdə online işarəsini görünə bildiyi üçün daha çox analiz edilən bir hala gəlmişdir. Ghosting davranışı münasibətin tamamilə kəsilməsi ilə xarakterizə olunsa da, bəzi hallarda münasibətlər tam bitmir, sadəcə qeyri-müəyyən formada davam etdirilir. Bu vəziyyət “breadcrumbing” (çörək qırıntıları) anlayışı ilə izah olunur. Breadcrumbing bir şəxsin qarşı tərəfi maraqda saxlamaq üçün ona ara-sıra flört xarakterli, lakin ciddi münasibət niyyəti daşımayan mesajlar göndərməsi kimi təsvir edilir. Bu zaman həmin şəxs münasibəti inkişaf etdirmək istəmir, lakin qarşı tərəfin diqqətini itirmək də istəmir.
Breadcrumbing edən insanlar tamamilə yox olmurlar. Onlar bəzən daim yazır, sosial şəbəkələrdə paylaşımları bəyənir və ya tam münasibətə girirmiş kimi göstərirlər.
Ghostingdən fərqli olaraq breadcrumbing münasibəti tam bitirmək məqsədi daşımır. Əksinə, qarşı tərəfi "ehtiyat variant" kimi saxlayır.
Emosional diqqətin həddindən artıq və məqsədli şəkildə göstərildiyi başqa bir davranış forması isə “love bombing”dir.(sevgi bombardmanı)
İlk baxışdan çox romantik və xoş görünə bilsə də, love bombing əslində qarşı tərəfdə sürətli emosional asılılıq yaratmaq və psixoloji nəzarət əldə etmək məqsədi daşıyan bir taktika hesab olunur. Bu davranış tez-tez həddindən artıq təriflər, fasiləsiz ünsiyyət, daimi diqqət, bahalı hədiyyələr və münasibətin çox erkən mərhələsində verilən ciddi bağlılıq vədləri ilə müşayiət olunur. Başlanğıcda insan özünü xüsusi və dəyərli hiss etsə də, zaman keçdikcə bu münasibət emosional zorakılıq formasına çevrilə bilir. Sevgi və diqqətin qəfil azalması və ya geri çəkilməsi qurbanın özünü güvənsiz və daha asan idarə olunan hiss etməsinə səbəb olur.
Love bombing təhlükəlidir, çünki o, həqiqi sevgiyə çox bənzəyir. Münasibətin ilk mərhələlərində həddindən artıq diqqət və romantik davranışlar insanı xoşbəxt və dəyərli hiss etdirə bilər. Lakin bu yaxınlıq çox sürətlə inkişaf etdiyindən tərəflərin bir-birini real şəkildə tanımasına imkan vermir.
Ümümilikdə görürük ki.münasibətlər qarışıq və mürəkkəb ola bilir və hər problem üçün eyni həll yolu yoxdur, Bəzən ayrılmaq düzgün qərar ola bilər, amma bəzi hallarda da danışmaq bir-birini anlamağa çalışmaq və ortaq yol tapmaq münasibəti düzəldə bilər. Ona görə də münasibətlərə bağlı məsələlərə baxdıqda yalnız sosial mediada gördüyümüz qısa video formatında yazılmış məsləhətlərə inanmaq düzgün deyil. Hər münasibət fərqlidir, insanlarin ehtiyacları və vəziyyəti fərqli ola bilir. Buna görə də qərar verərkən vəziyyəti daha dərindən düşünmək lazım gəlir.
Ədəbiyyat siyahısı
1. Baxter, L. A. (2011). Voicing relationships: A dialogic perspective. Thousand Oaks, CA: Sage.
2. Cacioppo, J. T., Cacioppo, S., Gonzaga, G. C., Ogburn, E. L., & VanderWeele, T. J. (2013). Marital satisfaction and break-ups differ across on-line and off-line meeting venues. Proceedings Of The National Academy Of Sciences Of The United States Of America, 110(25), 10135-10140. https://doi.org/10.1073/pnas.1222447110
3. Etcheverry, P. E., Le, B., & Hoffman, N. G. (2013). Predictors of friend approval for romantic relationships. Personal Relationships, 20(1), 69-83. https://doi.org/10.1111/j.1475-6811.2012.01397.x
4. Fox, J., & Anderegg, C. (2014). Romantic relationship stages and social networking sites: uncertainty reduction strategies and perceived relational norms on facebook. Cyberpsychology, Behavior And Social Networking, 17(11), 685-691. https://doi.org/10.1089/cyber.2014.0232
5. Jensen, J. F., & Rauer, A. J. (2014). Turning inward versus outward: Relationship work in young adults and romantic functioning. Personal Relationships, 21(3), 451-467. https://doi.org/10.1111/pere.12042
6. LeFebvre, L.E. (2017). Phantom lovers: Ghosting as a relationship dissolution strategy in the technological age. https://doi.org/10.1111/j.1475-6811.2017.0139.x
7. Norton, A. M., & Baptist, J. (2014). Couple boundaries for social networking in middle adulthood: Associations of trust and satisfaction. Cyberpsychology, 8(4), 23-36. https://doi.org/10.5817/CP2014-4-2
8. Sprecher, S. (2011). The influence of social networks on romantic relationships: Through the lens of the social network. Personal Relationships, 18(4), 630-644. https://doi.org/10.1111/j.1475-6811.2010.01330.x