TikTok Və İnstagram İstifadəsinin Gənclərin Diqqət Müddətinə Təsiri
← Geri Cover

TikTok Və İnstagram İstifadəsinin Gənclərin Diqqət Müddətinə Təsiri

Müəllif: Mələk Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universiteti, TSPX, III kurs | Tarix: 2026-07-02


İnternetin istifadəsinin asanlığı və geniş əlçatanlığı insanların həm anonim qalmasına, həm də oxşar maraqlara malik şəxslərlə ünsiyyət qurmasına imkan verən bir mühit yaratmışdır. Elektron müzakirə forumları və sosial şəbəkə platformaları istifadəçilərə maraq dairələrinə uyğun mövzular haqqında ictimai paylaşımlar vasitəsilə digər insanlarla fikir mübadiləsi aparmağa şərait yaradır. [1]
Rəqəmsal dövrdə sosial media platformaları əsasən mürəkkəb tövsiyə alqoritmlərinin istifadəsi vasitəsilə istifadəçilərin məzmunla qarşılıqlı əlaqə formasını köklü şəkildə dəyişdirmişdir. Bu alqoritmlər istifadəçi təcrübəsini fərdiləşdirməklə məzmunun kəşfində mühüm rol oynayır və hansı məzmunun daha çox görünürlük və istifadəçi əlaqəsi əldə edəcəyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Qısa video platformalarının aparıcı nümunələrindən biri olan TikTok, qabaqcıl tövsiyə sistemlərinin istifadəçi davranışını və məzmunun yayılmasını necə formalaşdıra bildiyini nümayiş etdirir.
Məlumat bolluğunun sürətli artması nəticəsində yaranan informasiya yüklənməsinin azaldılmasında mühüm rol oynayan tövsiyə sistemləri son dövrlərdə aparılan tədqiqatların əsas istiqamətlərindən biri olmuşdur. Bu sistemlər ümumilikdə əməkdaşlıq əsaslı filtrasiya (collaborative filtering), məzmun əsaslı filtrasiya (content-based filtering) və hibrid üsullar olmaqla üç əsas kateqoriyaya bölünür. Əməkdaşlıq əsaslı filtrasiya istifadəçilərin davranış nümunələrinə əsaslanaraq tövsiyələr hazırlayır, istifadəçi seçimlərini effektiv şəkildə proqnozlaşdırır və istifadəçi əlaqəliliyini artırır. Əksinə, məzmun əsaslı filtrasiya elementlərin xüsusiyyətlərindən və istifadəçi profillərindən istifadə edərək oxşar məzmunları tövsiyə edir. Bu yanaşma ətraflı məzmun analizinin mümkün olduğu vəziyyətlərdə effektiv nəticələr göstərir.[2]
Diqqət müddətinin (attention span) yüksək olması beynin müəyyən bir tapşırığa fokuslanaraq diqqəti yayındıran amilləri süzgəcdən keçirməsi qabiliyyətini ifadə edir. Öyrənmə və məhsuldarlıq işçi yaddaş, impulsların idarə olunması və icraedici funksiyalar kimi bir sıra koqnitiv bacarıqlardan asılıdır. Məktəbdə və ya iş mühitində uzun müddət diqqəti saxlamaq öyrənənlərin məntiqi düşünməsinə, öyrəndiklərini yadda saxlamasına və problemləri həll etməsinə kömək edir.
Son illərdə TikTok və Instagram Reels kimi platformaların qısa və sürətli videoları insanların daim yeni məlumat axtarmaq meylini gücləndirmişdir. Bunun nəticəsində uzun müddət bir mövzuya fokuslanmaq daha çətin hala gəlmişdir. Sonsuz sürüşdürmə (infinite scroll) mexanizmi və çoxsaylı bildirişlər beyində dopamin səviyyəsini artıraraq istifadəçiləri davamlı şəkildə tətbiqlər arasında keçid etməyə sövq edir. Nəticədə uşaqların və gənclərin diqqətlərini toplaması getdikcə çətinləşir və bu vəziyyət narahatlıq hissi yarada bilir.[3]
Sosial media yalnız insanların tanıdığı əsas mənfi təsirlərdən biri olan asılılığa səbəb olmur, eyni zamanda aşağı özünəinam hissinin yaranmasına da gətirib çıxara bilər. Çünki insanlar internetdə çox vaxt özlərini dəyərli və önəmli hiss etmək istəyirlər, lakin vəziyyət gözləniləndən fərqli istiqamətdə inkişaf etdikdə bu, onların özünəinamına müxtəlif yollarla mənfi təsir göstərə bilər. Daha az nəzərə çarpan digər bir təsir isə reklam şirkətlərinin və siyasətçilərin insanların davranışlarını manipulyasiya etmək üçün məlumat toplama şirkətlərindən istifadə etməsidir. Bu üsullarla şirkətlər öz brendlərini, siyasətçilər isə öz təsirlərini daha da gücləndirməyə çalışırlar və sosial mediada özlərini daha etibarlı göstərmək üçün müxtəlif strategiyalardan istifadə edirlər.[4]
Sosial media istifadəsinin miqdarı da mühüm amildir. 19–32 yaş arası gənc yetkinlər arasında keçirilmiş sorğu göstərmişdir ki, həftə ərzində sosial media platformalarına daha tez-tez daxil olmaq daha yüksək depressiya simptomları ilə əlaqəlidir. Sosial mediada daha çox vaxt keçirmək həmçinin narahatlıq simptomlarının artması ilə əlaqələndirilir. İstifadə edilən sosial media platformalarının sayı da risk faktorlarından biri kimi görünür. Gənc yetkinlər arasında aparılan milli sorğuda çoxsaylı sosial media platformalarından istifadənin psixi sağlamlığa mənfi təsir göstərdiyi müəyyən edilmişdir. 7–11 fərqli sosial media platformasından istifadə edən iştirakçılar yalnız 2 və ya daha az platformadan istifadə edənlərlə müqayisədə yüksək səviyyəli depressiya simptomlarına sahib olmaq baxımından 3 dəfə, yüksək səviyyəli narahatlıq simptomlarına sahib olmaq baxımından isə 3,2 dəfə daha yüksək risk göstərmişdirlər.
Bir çox tədqiqatçı sosial media istifadəsi ilə əlaqələndirilən psixi sağlamlığın pisləşməsinin səbəbini sosial medianın gənclər üçün üzbəüz sosial əlaqələri əvəz etməsi ilə izah edir. Bu vəziyyət daha yüksək tənhalıq hissinə səbəb ola və sağlamlığın və ümumi rifahın digər aspektlərinə mənfi təsir göstərə bilər.
ABŞ-da yeniyetmələr arasında aparılmış milli səviyyəli bir araşdırma göstərmişdir ki, sosial media platformaları və smartfonlar kimi ekran əsaslı vasitələrdən daha çox istifadə edən iştirakçılarda, üzbəüz sosial fəaliyyətlər, idman və digər fiziki fəaliyyətlərə daha çox vaxt ayıranlarla müqayisədə depressiya simptomları və intihar riski əhəmiyyətli dərəcədə daha yüksək olmuşdur. Daha ağır psixi xəstəlikləri olan şəxslər üçün sosial medianın psixiatrik simptomlara təsiri daha az araşdırılmışdır. Bir tədqiqat göstərmişdir ki, söhbət otaqlarında (chat rooms) iştirak psixotik pozuntuları olan gənclərdə simptomların pisləşməsinə səbəb ola bilər. Digər bir araşdırmada isə psixoz xəstələri arasında sosial media istifadəsinin aşağı əhval-ruhiyyə ilə əlaqəli olduğu müəyyən edilmişdir. Bu tədqiqatlar sosial media istifadəsi ilə psixi sağlamlıq arasında aydın əlaqənin olduğunu göstərir. Lakin bu əlaqə ümumi əhali arasında aparılan araşdırmalarda həmişə eyni səviyyədə müşahidə olunmur. Buna görə də gələcək tədqiqatlarda sosial medianın simptomların şiddətinə necə təsir etdiyi və bu riskləri azaltmaq üçün hansı qoruyucu amillərin mövcud ola biləcəyi daha dərindən araşdırılmalıdır.[5]

İstinadlar
1.Messina, E. S., & Iwasaki, Y. (2011). Internet use and self-injurious behaviors among adolescents and young adults: An interdisciplinary literature review and implications for health professionals. Cyberpsychology, Behavior, and Social Networking, 14(3), 161–168.
2.Zhou.R. (2024). Understanding the Impact of TikTok's Recommendation Algorithm on User Engagement. International Journal of Computer Science and Information Technology, 3(2):201-208. https://doi.org/10.62051/ijcsit.v3n2.24
3.Zahra, I. T., Hussain, M. M., Rehman, A. U., & Rafiq, T. (2025). Impact of social media engagement on attention span among young adults: The mediating role of fear of missing out. Policy Journal of Social Science Review, 3(7), 56–65.
4.Ye, T. (2022). Social Media and Its Impact: Individuals and Society. Journal of Education Humanities and Social Sciences,8:642-646. https://doi.org/10.54097/ehss.v8i.4321
5.Naslund, J.A., Bondre, A., Torous, J., Aschbrenner, K.A. (2020). Social Media and Mental Health: Benefits, Risks, and Opportunities for Research and Practice. Journal of Technology in Behavioral Science, 5:245–257. https://doi.org/10.1007/s41347-020-00134-x
PSYCHE Psixologiya mərkəzi