İnsanların Geyimləri Onların Psixoloji Rifahını Nə Dərəcədə Əks Etdirir?
← Geri Cover

İnsanların Geyimləri Onların Psixoloji Rifahını Nə Dərəcədə Əks Etdirir?

Müəllif: Dünya Adil, Bakı Slavyan Universiteti, Təhsildə sosial-psixoloji xidmət, IV kurs | Tarix: 2026-07-07


Gündəlik həyatımızda müxtəlif geyimlər geyinir, aksesuarlar istifadə edirik. Hər bir şəxs özünəməxsus bir tərz, bir stil yaratmış olur. Bəzən də fərqində olmadan geyimlərdən istifadə edirik. Bu geyimlər nə dərəcədə bizi əks etdirir? Geyimlərimiz bizim psixoloji rifahımızdan nə dərəcədə xəbər verir?
Bu kimi suallar bəlkə də, bir çoxlarını düşündürür. Bununla bağlı “Moda Psixologiyası” anlayışı ortaya çıxır və bu suallara cavab tapmağa kömək edir. İlk əvvəl, “Moda” anlayışının izahını aydınlaşdıraq. Moda sözünün ingiliscə xaric bəzi dillərdəki etimologiyasına baxdıqda qarşımıza fransız dilində “mode” və ispan dilində “moda” sözləri çıxır. “Mode” və “Moda” latın dilində “modus” sözündən gəlir. “Modus”, Merriam-Websterə görə, hər hansı bir şeyin edilmə şəkli, üsuludur. [1] Moda təkcə geyimi ifadə etmir. Bundan daha çoxunu özündə birləşdirir. Moda insanın özünü ifadə etməsinin ən fəlsəfi yoludur və fərdin hissləri, düşüncələri və davranışları baxımından bizə onun şəxsiyyətini göstərir. [5]
Moda Psixologiyası ümumilikdə, insanın davranışları və dəb arasındakı əlaqəni göstərir. Bununla yanaşı insanın etdiyi geyim seçimləri, onlara təsir edən amilləri araşdırır. Elə isə ilk növbədə bu amillərin nə dərəcədə təsirindən bəhs edək. Bu amillərə, əsasən sosial və ya fərdi inanclar, mədəniyyət və dəyərlər və s. kimi amillər daxildir. Sosial amilə belə nümunə verə bilərik: misal, qadınların geyindiyi hündürdaban ayaqqabıları misal götürə bilərik. Qadınlar xüsusi tədbirlərə getdiyi zaman bu ayaqqabılardan istifadə edirlər. Lakin yanlarında çox zaman rahat bir ayaqqabı da götürürlər. Hündürdaban ayaqqabılar nə qədər möhtəşəm görünsə də, bəzən qadınları narahat edir və bu narahatlığa baxmayaraq qadınlar bu ayaqqabıdan imtina etmirlər. Hətta bəzi mədəni faktorların da buna təsiri var. Bəzi mədəniyyətlər düzdaban ayaqqabı geyinən qadının öz imicindən imtina etdiyinə inanırlar və bu sosial amilin nə dərəcədə təsir etdiyini göstərir. [2]
Bəzi insanlar hətta daha möhtəşəm və elit görünmək üçün xüsusi markaların da geyimlərini alırlar və bu da onları bir növ sosial təsirlərin qurbanına çevirir. Moda Psixologiyası, həmçinin insanların özlərini dərk etmələrində, empatiya hissinin formalaşmasında, eyniləşmələrində iştirak edir. Bunu aydın nümunə ilə izah edək. Misal olaraq, “Harry Potter” filmindəki aktyor Jason Isaacs, Lucius Malfoyun geyimini heç vaxt geyinməyəcəyi bir obraz kimi qiymətləndirirdi. Lakin rolu mənimsədikcə işlər dəyişir və o, bu rolu çox sevir və rolu dərk edir. Nümunədən də görürük ki, insanlar müxtəlif geyim tərzlərinə qarşı tənqidi yanaşa bilərlər. Lakin özlərini dərk edib, bu rol və geyimin içində xüsusiləşdirdikdə tamam fərqli bir pəncərədən yanaşırlar. [3]
Moda Psixologiyası insanların özlərini dərk etmələrində də xüsusi rola malikdir. Yəni, “mənlik” anlayışının formalaşmasında və inkişafında həlledici rola malikdir. Fərd dünyaya gələrkən müəyyən dövrlər keçərək formalaşır və bu dövrlər ərzində geyimləri valideynlər seçir. Lakin bir yaş dövründən sonra isə artıq öz seçimlərimiz və öz istədiklərimizi geyinməyi üstün tuturuq. Mənliyimizin formalaşması bizə buna imkan verir və çox zaman geyimlərimiz bizim şəxsiyyət xüsusiyyətlərimizdən xəbər verir. Həmçinin geyimlərlə yanaşı rənglər, aksessuarlar və s. də burada böyük rol oynayır. Rəng seçimləri insanların emosiya və hisslərində özünü göstərir. Məsələn: qırmızı və sarı kimi isti rənglər enerji, həyəcan gətirir. Mavi və yaşıl kimi soyuq rənglər isə daha çox sakitlik, tarazlıq bəxş edir. Rənglərlə yanaşı insanların geyim stilləri də onların psixoloji vəziyyəti barədə məlumat verir. Bəzi tədqiqatlar belə göstərir ki, geyimin ruhi pozuntularla da əlaqəsi vardır. Misal, depressiya və ya narahatlıq keçirən şəxslər daha çox özlərini rahat hiss edəcək geyimlərə üstünlük verirlər və bu onları sosial mühitdə daha rahat olmalarına köməklik göstərir. Həmçinin insanların özünəinamının formalaşmasında da geyimlərin öz rolu var. İnsanlar öz sevdikləri və öz imiclərinə uyğun geyim seçdikdə, daha özünəinamlı olurlar. Hətta bəzi insanlar öz bədən proporsiyalarına uyğun olmayan geyim seçdikdə diskomfortluq hissi keçirirlər. Özünəinamın aşağı səviyyədə olması da müşahidə edilir. [4]
Ümumi bir yanaşmadan baxsaq, “Moda Psixologiyası” insanların özlərini ifadə etmə formaları kimi nümayiş edilir. Geyimlər bizim daxili aləmimizi gözlər önünə sərir. Çoxları bunun fərqində olmurlar. Lakin daha dərindən baxsaq görürük ki, bir çox məsələlər ortaya çıxmış olur. Bu baxımdan geyimlərimizi seçdiyimiz zaman çalışaq ki, özümüzə olan dəyərimizi və daxili aləmimizi insanlara doğru yansıdaq.

ƏDƏBİYYAT SİYAHISI
Kutvan, R. (2025). Moda Psikolojisi (bölüm 1-3, s. 11-36). https://books.google.com/
Maxey, G. (2022). Məsləhət və Ailə Terapiyası Təqaüd İcmalı [Counseling and Family Therapy Scholarship Review]. Scholar Archive. https://doi.org/10.53309/2576-926X.1041
Hurtado, M. C. V., Sankaran, S. (2022). Geyimlərin psixoloji nəticələri: Geyimlərin daxili səsə və özünühörmətə təsiri [Psychological consequences of clothing: The impact of clothing on internal voice and self-esteem]. Tilburg University Research Portal (ARNO). https://research.tilburguniversity.edu/
Patel, R., Singh, K. N. (2025). Geyimlərin zehni vəziyyətə psixoloji təsiri. [Psychological impact of clothing on mental state]. International Journal of Science Academic Research, 6(X), XX–XX. https://www.scienceijsar.com/sites/default/files/article-pdf/IJSAR2812.pdf
Bhardwaj, M. A. (2024). Milli Həyat Bacarıqları, Dəyər Təhsili və Müvafiq Metodlar. [National Life Skills, Value Education and Relevant Methods]. Expressions India. https://expressionsindia.org/images/journals/chapters/2024/aug24/5.pdf
PSYCHE Psixologiya mərkəzi