Analığa Keçid: Qadın Beyninin Ən Böyük Transformasiyası
← Geri Cover

Analığa Keçid: Qadın Beyninin Ən Böyük Transformasiyası

Müəllif: Əsmər Sadıqzadə, Bakı Dövlət Universiteti, Psixologiya, II kurs | Tarix: 2026-07-11


Uzun illər ərzində fərqli elmi yanaşmalarla ön plana çıxarılan fundamental mövzulardan biri də qadın psixologiyası olmuşdur. Əvvəlki dövrlərdə aparılan tədqiqatlar daha çox cəmiyyətin qadına uzlaşdırdığı sosial rollar əsasında “qadın necə olmalıdır?” kimi suallar ətrafında formalaşmışdır. Lakin son dövrlərdə bu dəyişmiş, diqqət birbaşa qadının daxili dünyasına və psixologiyasına yönəlmişdir. Bu istiqamətdə aparılan araşdırmalardan ən çox diqqət çəkəni qadının analıq kimliyinə keçid mərhələsidir. Elmi ədəbiyyatda bu keçidi ifadə edən “matrescence” termini ilk dəfə 1975-ci ildə tibbi antropoloq Dana Raphael tərəfindən irəli sürülmüşdür. Müəllif, analığa keçid mərhələsinə fərqli bir bucaqdan baxaraq, bu dövrü kompleks psixoloji və antropoloji bir proses kimi araşdırmışdır (Raphael, 1975). Özünün "Being Female: Reproduction, Power, and Change" adlı fundamental əsərində o, qadının reproduktiv fəaliyyətinin onun şəxsi həyatına göstərdiyi təsirləri və cəmiyyətdəki mövqeyini hansı şəkildə transformasiya etdiyini elmi müzakirəyə çıxarmışdır (Raphael, 1975). Qadın kimliyinin formalaşması illər ərzində araşdırılan ən mürəkkəb mövzulardan biri olmuşdur. Eyni zamanda, bu sahədəki tədqiqatlarda müxtəlif ölkələrdə və fərqli mədəniyyətlərdə qadının uşaq dünyaya gətirməsinin onun həyatına göstərdiyi təsirlər analiz edilmişdir. Qlobal və multikultural müstəvidə reallaşdırılan elmi işlərə istinadən, qadının analığa keçid dövründə yaşadığı köklü dəyişikliklər yeniyetməlik dövründə bədənin keçirdiyi biotopsixososial transformasiya ilə müqayisə olunur. Qadının analığa keçid dövründə onun koqnitiv funksiyaları, hormonal balansı və eyni zamanda beyninin struktur quruluşu əhəmiyyətli dərəcədə dəyişir (Hoekzema et al., 2020). Bəhs edilən bu dövr təkcə uşağın dünyaya gəlməsi ilə məhdudlaşmır. Qadın bu prosesdə dərin psixoloji və fizioloji dəyişikliklərə məruz qalır; o, əvvəlki mənlik anlayışından ayrılaraq öz daxilində yeni bir “mən” kimliyi formalaşdırmağa başlayır. Bu keçid dönəmində qadın həm əvvəlki fərdi azadlığını qorumaq istəyir, həm də yeni doğulmuş körpənin qayğısına qalmaq öhdəliyini üzərinə götürür. Məhz bu səbəbdən o, ziddiyyətli situasiyaların yaratdığı gərginliyi və stressi yaşayır, daxilən yeni kimliyinə adaptasiya olmağa çalışır. Müxtəlif mədəniyyətlərarası araşdırmalar göstərir ki, qadının bu dönəmə adaptasiya dərəcəsi daha çox onun aid olduğu cəmiyyətin sosial strukturundan asılıdır. Raphael və digər tədqiqatçılar vurğulamışdırlar ki, bəyi cəmiyyətlərdə primipar (ilk dəfə ana olan) qadınlara sosial dəstək vermək üçün xüsusi proqramlar və adət-ənənələr mövcuddur. Doğum anında və sonrasında digər qadınların qurduğu kollektiv dəstək sistemi həm doğum prosesinin psixoloji yükünü yüngülləşdirir, həm qadının özünü daha rahat və güvəndə hiss etməsinə şərait yaradır, həmçinin postpartum depressiya riskini minimuma endirir. Lakin müasir fərdiyyətçi cəmiyyətlərdə fərdlərin daha çox öz şəxsi və peşəkar fəaliyyətlərinə fokuslanması, yeni ana olmuş qadınlarda lazımi sosial dəstəkdən məhrum olma hissi və təcrid olunma reallığı yarada bilir. Bu məqalənin əsas məqsədi, bir qadının analıq dövrünə addım atdığı zaman keçirdiyi psixoloji dəyişiklikləri və “matrescence” terminini elmi əsaslarla daha dərindən analiz etməkdir. Qadının ana olmasını yalnız birtərəfli bioloji və ya reproduktiv proses olaraq qiymətləndirmək qeyri-mümkündür. Eyni zamanda, bir qadının ana olması onun ümumi psixoloji durumu, cəmiyyətdəki rolu və özünü fərd olaraq tanıması ilə birbaşa bağlıdır. Bu dövrdə qadının bədən quruluşu, ailədaxili dinamikası və sosial mühitlə olan münasibətləri tamamilə yenidən strukturlaşır.
Analığın Neyrobiologiyası və Yeniyetməlik Keçid Dönəmi ilə Oxşarlığı
Hamiləlik qadının təkcə fiziki strukturunda deyil, həmçinin beynində də mühüm neyrobioloji dəyişikliklərə yol açır. İnsan beynində mükafat sistemi və motivasiya mərkəzi sayılan ventral striatum (VStr) fərdə həzz verən və onun davranışlarını daxili motivasiya əsasında istiqamətləndirən əsas subkortikal strukturudur. Lakin aparılan neyroelm tədqiqatlarında müəyyən edilmişdir ki, ana qrupunda hamiləlik zamanı bu xüsusi nahiyədə böyük dəyişikliklər baş verir; belə ki, ventral striatumun ümumi həcmində kəskin bir azalma qeydə alınır (Hoekzema et al., 2020). Bu vəziyyət normal şərtlərdə mənfi bir hal kimi – məsələn, hüceyrə atrofiyası ya da hər hansı bir koqnitiv funksiyanın zəifləməsi kimi şərh edilə bilər. Lakin funksional MRT (fMRT) nəticələri bunun tam əksini ortaya qoymuşdur (Hoekzema et al., 2020). Bu struktur daralma beynin həmin kritik dönəmə adaptasiyasını maksimuma çatdırmaq üçün baş verən təbii və adaptiv bir neyroplastiklik hadisəsidir. Gəmiricilər üzərində aparılan model araşdırmalarında ananın həmin dönəmdə kənar qıcıqlayıcılara qarşı həssaslığının azalması və daha çox öz övladına qarşı maksimum diqqət göstərə bilməsi bu adaptiv mexanizmlə izah olunur. Bu istiqamətdə aparılan bu tədqiqatda müəyyən edilmişdir ki, anaların mükafat sistemi öz körpələrindən gələn vizual və akustik siqnallara qarşı çox güclü reaksiya verdiyi halda, asılılıq yaradan maddələrə qarşı demək olar ki, tamamilə reaksiyasız qalır. Digər tərəfdən, bu neyral dəyişikliklər əsasən beynin sağ yarımkürəsində daha qabarıq və fərqli formada müşahidə edilmişdir. Bunun əsas səbəbi isə sağ ventral striatumun xarici faktorları vizual və səsli olaraq körpənin üz ifadəsi, baxışı və səsi ilə birbaşa inteqrasiya etməsidir. Tədqiqatların uzunmüddətli nəticələri göstərir ki, doğumdan sonrakı ilk iki il ərzində sağ yarımkürədəki bu struktur dəyişiklikləri hələ də qorunub saxlanılır (Orchard & de Lange, 2024). Bu proses funksional baxımdan yeniyetməlik dövründə müşahidə edilən sinaptik yenidənqurma ilə müqayisə edilir (Orchard et al., 2023). Necə ki yeniyetmələrin beyninin daha səmərəli və funksional işləməsi üçün "sinaptik budanma" (synaptic pruning) adlandırılan selektiv neyron təmizlənməsi baş verir, eynilə ananın beynində də bu adaptiv prosesi maksimum dərəcədə effektiv keçirmək və yeni analıq roluna uyğunlaşmaq üçün müəyyən struktur dəyişiklikləri reallaşır. Başqa mühüm molekulyar araşdırmalara əsasən, doğuş fəaliyyətinin hippokamp nahiyəsində postsinaptik sıxlığı birbaşa dəstəkləyən PSD-95 proteininin səviyyəsini əhəmiyyətli dərəcədə artırdığı müşahidə edilmişdir (Duarte-Guterman et al., 2023). Ən diqqətçəkən məqam budur ki, bu molekulyar dəyişiklik uzun müddət boyu aktivliyini qoruyub saxlayır. Yaşlanma prosesi ilə paralel olaraq beyində neyrogen kütlənin və kök hüceyrə aktivliyinin azaldığı, nəticədə beyin toxumasının qocaldığı məlumdur. Lakin heç zaman ana olmamış şəxslərlə dünyaya uşaq gətirmiş anaları müqayisə etdikdə, analıq təcrübəsini yaşamış qadınlarda kök hüceyrələrin sıradan çıxması və yaşlanma prosesinin xeyli zəif irəlilədiyi müəyyən olunmuşdur (Duarte-Guterman et al., 2023). Bu tapıntı onu göstərir ki, analıq təcrübəsi qadın beynini yaddaş zəifliyi üzərindən törəyən neyrodegenerativ xəstəliklərdən qorumaq potensialına malikdir. Hətta bu bioloji dəyişikliyin qadını gələcəkdə gələcəkdə başda Altsheymer xəstəliyi olmaqla, müxtəlif demensiya növləri kimi ağır patologiyalardan uzaq tuta biləcəyi elmi bir fərziyyə olaraq irəli sürülmüşdür (Orchard & de Lange, 2024). Bu kontekstdə qadının keçirdiyi hamiləliklərin sayı (paritet) mühüm rol oynayır. Araşdırmalara əsasən, birdən artıq doğum etmiş qadınlarda yeni gözlənilməz vəziyyətlərə uyğunlaşa bilmə və davranış fəaliyyətində koqnitiv çeviklik mexanizmi daha yüksək seviyyədə inkişaf edir (Perrykkad et al., 2026). Yəni buradan aydın şəkildə görmək olar ki, analıq təcrübəsi artdıqca beyindəki bu adaptiv dəyişikliklər daha da möhkəmlənir və sabitləşir. İlk hamiləlik zamanı beynin boz maddə həcmində təxminən 3.1%-lik bir azalma müşahidə olunur (Hoekzema et al., 2017). İkinci hamiləlikdə isə bu struktur azalma 2.8% təşkil edir (Perrykkad et al., 2026). İlk baxışdan, yaşlanma ilə bağlı baş verən illik normal 0.5%–1%-lik beyin daralmasını nəzərə alsaq, hamiləlikdə qısa müddətdə baş verən bu 3%-lik itki patoloji və ya anomal görünə bilər. Lakin müasir neyrologiyada bu, neyron ölümü və ya funksiya itkisi kimi deyil, ana və körpə arasındakı bioloji bağlılıq (nesting) davranışlarını maksimum dərəcədə gücləndirmək üçün beyində baş verən struktur optimallaşdırılması kimi qiymətləndirilir (Orchard et al., 2023). Neyromüşahidə araşdırmaları da təsdiqləyir ki, boz maddə həcmində daha kəskin azalma yaşayan anaların körpələri ilə qurduqları emosional münasibət daha güclü və sağlam ana-bala bağlılığı ilə birbaşa korrelyasiya təşkil edir (Hoekzema et al., 2020). Hər iki hamiləlik dövründə beynin daxili düşüncə şəbəkəsi (default mode network), frontoparietal və ventral diqqət şəbəkələri aktiv şəkildə bu prosesdən təsirlənir (Perrykkad et al., 2026). Lakin ikinci dəfə ana olan qadınların beynində birincidən tamamilə fərqli olaraq, prosesə dorsal diqqət və somatomotor şəbəkələri də əlavə olunur (Perrykkad et al., 2026). Bu elmi fakt onu deməyə əsas verir ki, ikinci hamiləlik birincinin sadə bir kopyası deyil; beyin hər hamiləlikdə tamamilə fərqli, unikal və spesifik bir şəkildə özünü yenidən strukturlaşdırır. Amma bu plastik dəyişikliyin baş verdiyi funksional zonalar fərqlidir. Doğuşdan dərhal sonra boz maddədə görünən bu kəskin azalmalar vaxt keçdikcə müəyyən dərəcədə kompensasiya olunmağa və özünü qismən bərpa etməyə meyil göstərir (Orchard & de Lange, 2024). Lakin neyrologiya elmində hələ də tam cavabını tapmayan fundamental bir sual açıq qalmaqdadır: bu boz maddə həcmi nə vaxtsa hamiləlikdən əvvəlki ilkin vəziyyətinə tamamilə qayıdır, yoxsa qadın beyni ömürlük olaraq tam fərqli bir struktur quruluşda və neyral şəbəkədə qalır? İndiki elmi məlumatlar göstərir ki, hamiləlik beyində uzunmüddətli və qalıcı bir dəyişiklik izi buraxır; sadəcə bu yeni morfoloji strukturun qadının sonrakı yetkinlik həyatına tam təsirlərini anlamaq üçün hələ daha geniş və uzunmüddətli (longitudinal) tədqiqatlara ehtiyac vardır (Orchard et al., 2023).
Sosial Reallıq, Mental Yük və Depressiya
Yekun araşdırmalar göstərir ki, uşaq sahibi olmaq qadın beynində struktur səviyyəli dəyişikliklərə yol açır və boz maddənin həcmində yenidənqurma proseslərini başladır. Lakin bu neyrobioloji adaptasiya təcrid olunmuş bir daxili proses kimi cərəyan etmir. Real həyatda qadınların üzərinə düşən və kənar baxışlardan görünməyən çox böyük bir koqnitiv yük var: mental yük (mental load) (Callaghan et al., 2024). Mental yük – evdə nəyin çatışmadığını bilmək, uşağın tibbi müayinə vaxtını unutmamaq, qidalanma menyusunu planlaşdırmaq və ailənin əksər ehtiyaclarını tənzimləmək kimi fasiləsiz idarəetmə və düşünmək məcburiyyətidir (Callaghan et al., 2024). Bu xroniki proses qadında güclü stress reaksiyalarına yol açır. Qadının daxili böhran yaşaması həm də onun keçirdiyi psixoloji transformasiyanın xarakterindən asılı olur. Cəmiyyətdəki gender rollarına görə bu öhdəliklərin demək olar ki, böyük hissəsi anaların üzərinə düşür. Beyin mürəkkəb bir keçid və həssaslıq dövründə ikən, üstəlik bu bitmək bilməyən zehni yorğunluq əlavə olunduqda qadının emosional tükənmişlik yaşama ehtimalı kəskin şəkildə yüksəlir. Nəticədə bəzi analar fəaliyyətdən düşə bilər, xroniki stress keçirərək psixoloji cəhətdən zəifləyirlər. Yəni, beyindəki bioloji dəyişikliklərlə sosial reallıqlar bir-biri ilə toqquşur. Ədəbiyyatın təhlili göstərir ki, analığı sadəcə "təbii instinkt" adlandırıb keçmək qadınların qarşılaşdığı psixososial əziyyəti görməzdən gəlməkdir. Beyindəki dəyişikliklərlə gündəlik həyatın gətirdiyi zehni yükü bir-birindən ayrı təsəvvür etmək olmaz; onlar qarşılıqlı olaraq bir-birinə birbaşa təsir göstərir (Callaghan et al., 2024). Əgər bu zehni yük ananın dözə biləcəyi adaptiv həddi aşsa, beyindəki emosiyaları idarə edən affektiv sistemlərin fəaliyyəti zəifləyir və bu da birbaşa perinatal dövrün ağır depressiyasına (postpartum depressiya) yol açır (Ghadimi & McCormack, 2025). Bütün bu amilləri sintez edəndə başqa bir klinik reallıq ortaya çıxır: depressiyada olan anaların beyni həm emosional tənzimləmə, həm də qərar vermə (icraedici funksiyalar) məsələlərində ciddi şəkildə çətinlik çəkir (Ghadimi & McCormack, 2025). Araşdırmalar göstərir ki, depressiyaya məruz qalan analar qısamüddətli yaddaş və diqqət testlərində daha aşağı nəticə nümayiş etdirirlər, xüsusən də ev mühitində selektiv diqqətlərini toplamaqda çətinlik çəkilər (Ghadimi & McCormack, 2025). Çünki depressiya insanın beynindəki mənfi ruminasiyaları (mənfi fikirləri) uzaqlaşdırmaq qabiliyyətini məhdudlaşdırır. Ana neqativ düşüncə dövranından uzaqlaşa bilmir, uzaqlaşa bilmədiyi üçün emosiyalarını idarə edə bilmir və bu da depressiyanı daha da dərinləşdən qapalı bir dairə yaradır. Analıq depressiyası sadəcə "tənbəllik" və ya "bədbinlik" deyil, beynin həddindən artıq yüklənməsi və sosial dəstəksizlikdən yaranan ciddi neyropsixoloji böhrandır (Ghadimi & McCormack, 2025). Anaların yaşadığı yorğunluq və emosional çətinliklər onların fərdi zəifliyindən irəli gəlmir. Bu, tamamilə təbii olan yenilənmə prosesinin real həyatın ağır situasiyaları ilə qarşılaşmasının və toqquşmasının nəticəsidir. Anaların həm psixoloji, həm də fiziki cəhətdən sağlam qala bilməsi üçün bu mental yük ailə daxilində bərabər bölünməli və cəmiyyət tərəfindən onlara dəstək verilməlidir. Yalnız o zaman qadınlar bu çətin, lakin mühüm keçid dövrünü travmasız və rahat şəkildə tamamlaya bilərlər. Analıq təcrübəsini sadəcə naturalistik arqumentlərə sığınaraq "Təbiət qadını buna hazırlayır" fərziyyəsi ilə xəfiflətmək tamamilə doğru deyil. Beyindəki struktur dəyişikliklər və sosial mühitdəki mental yük bir-birini bəsləyən, eyni zamanda ağırlaşdıran iki ayrılmaz komponentdir (Callaghan et al., 2024). Yekun olaraq qeyd edə bilərik ki, anaların psixoloji rifahının qorunması üçün onlar bu zehni yükləri təkbaşına daşımamalı, həyat yoldaşları və sosial mühit onlara mütləq kömək etməlidir. Ancaq bu yük düzgün şəkildə bölüşdürüləndə analıq prosesi qadınlar üçün travmatik bir təcrübə olmaqdan çıxar. Hamiləliyin son dövrlərində və körpənin doğulmasından sonrakı ilk aylarda anaların diqqət dağınıqlığı və ya unutqanlıqdan şikayət etməsi tez-tez rast gəlinən situasiyalardır (Ghadimi & McCormack, 2025). Çox vaxt bunlar gündəlik həyatın axarına ciddi maneə törətmir. Çünki qadının diqqəti təbii olaraq xarici aləmdən çox körpə ilə bağlı məsələlərə yönəlir. Vaxt keçdikcə, uşağın süddən ayrılma mərhələsinə yaxın, bu ilkin çətinliklər tədricən bərpa olunmağa başlayır (Orchard & de Lange, 2024).
Məqalədə nəzərdən keçirilən mənbələr göstərir ki, analıq yalnız bioloji dəyişikliklərlə məhdudlaşan bir proses deyil. “Matrescence” adlandırılan bu dövr qadının psixoloji, sosial və neyrobioloji baxımdan yeni mərhələyə keçidini əhatə edir. Tədqiqatların yekunu göstərir ki, hamiləlik və doğuşdan sonrakı dövrdə beyində müəyyən struktur və funksional dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər analığın tələblərinə uyğunlaşma ilə əlaqələndirilir və bir çox hallarda adaptiv xarakter daşıyır. Bununla yanaşı, analıq təcrübəsini yalnız neyrobioloji dəyişikliklərlə izah etmək kifayət etmir. Qadınların gündəlik həyatda üzləşdiyi mental yük, sosial gözləntilər və dəstək sistemlərinin səviyyəsi onların psixoloji rifahına doğrudan təsir göstərə bilər. Xüsusilə sosial dəstəyin məhdud olduğu hallarda stress, emosional çətinliklər və postpartum depressiya riskinin artdığı qeyd olunur. Məqalədə istifadə olunan mənbələr əsasında demək olar ki, analığa keçid dövrünün daha sağlam şəkildə yaşanmasında ailə, yaxın ətraf və cəmiyyət tərəfindən göstərilən dəstək mühüm rol oynayır. Bu baxımdan analıq həm fərdi, həm də sosial baxımdan olan çoxşaxəli bir proses kimi qiymətləndirilməlidir.

Ədəbiyyat Siyahıs:
• Callaghan, B. L., McCormack, C., Kim, P., & Pawluski, J. L. (2024). Understanding the maternal brain in the context of the mental load of motherhood. Nature Mental Health, 2(7), 764–772. https://doi.org/10.1038/s44220-024-00268-4
• Duarte-Guterman, P., Richard, J. E., Lieblich, S. E., Eid, R. S., Lamers, Y., & Galea, L. A. M. (2023). Cellular and molecular signatures of motherhood in the adult and ageing rat brain. Open Biology, 13(11), Article 230217. https://doi.org/10.1098/rsob.230217
• Ghadimi, T. R., & McCormack, C. (2025). Executive functioning in matrescence and implications for perinatal depression. Frontiers in Psychiatry, 16, Article 1663017. https://doi.org/10.3389/fpsyt.2025.1663017
• Hoekzema, E., Barba-Müller, E., Pozzobon, C., Picado, M., Lucco, F., García-García, D., Soliva, J. C., Tobella, E. L., Rover, M., Tresoldi, M., Gheorghe, A., Vilarroya, O., & Carmona, S. (2017). Pregnancy leads to long-lasting changes in human brain structure. Nature Neuroscience, 20(2), 287–296. https://doi.org/10.1038/nn.4458
• Hoekzema, E., Tamnes, C. K., Berns, P., Barba-Müller, E., Pozzobon, C., Picado, M., Lucco, F., Martínez-García, M., Desco, M., Ballesteros, A., Crone, E. A., Vilarroya, O., & Carmona, S. (2020). Becoming a mother entails anatomical changes in the ventral striatum of the human brain that facilitate its responsiveness to offspring cues. Psychoneuroendocrinology, 112, Article 104507. https://doi.org/10.1016/j.psyneuen.2019.104507
• Orchard, E. R., Rutherford, H. J. V., Holmes, A. J., & Jamadar, S. D. (2023). Matrescence: Lifetime impact of motherhood on cognition and the brain. Trends in Cognitive Sciences, 27(3), 302–316. https://doi.org/10.1016/j.tics.2022.12.002
• Orchard, E. R., & de Lange, A.-M. G. (2024). Matrescence and the human brain across the lifespan: A neurocognitive perspective. Trends in Cognitive Sciences, 28(4), 315–329. https://doi.org/10.1016/j.tics.2024.01.002
• Perrykkad, K., Siddiqui, M. N., & Jamadar, S. (2026). Transformation, again? Impact of a second pregnancy on the brain, cognition, and sense of self. Trends in Neurosciences, 49(12), 1–3. https://doi.org/10.1016/j.tins.2026.04.005
• Raphael, D. (1975). Being female: Reproduction, power, and change. De Gruyter Mouton.

PSYCHE Psixologiya mərkəzi