← Geri
Qeyri-müəyyənliyə Qarşı Dözümsüzlük
Müəllif: Mələk Abbasova, Odlar Yurdu Universiteti, Psixologiya, II kurs |
Tarix: 2026-07-11
Qeyri-müəyyənliyə qarşı dözümsüzlük (Intolerance of Uncertainty – IU); proqnozlaşdırılması mümkün olmayan və qeyri-müəyyən gələcək hadisələrə qarşı qorxu meylini, eləcə də qeyri-müəyyənlik hissinin qəbulolunmazlığına dair inancı əks etdirən fərdi xüsusiyyət xarakterli bir meyildir (Buhr & Dugas, 2002). Müasir dövrdə iqtisadi, sosial və texnoloji dəyişikliklərin sürətlənməsi insan həyatında qeyri-müəyyənlik faktorlarını artırmışdır. Bu səbəbdən qeyri-müəyyənliyə qarşı dözümsüzlük anlayışı klinik psixologiyada mühüm tədqiqat mövzularından birinə çevrilmişdir. Araşdırmalar göstərir ki, qeyri-müəyyənliyə dözümsüzlük yalnız təşviş pozuntuları ilə deyil, həmçinin depressiya, obsesiv-kompulsiv pozuntu və digər emosional problemlərlə də sıx əlaqəlidir. Bu baxımdan IU emosional pozuntular arasında ortaq transdiaqnostik mexanizm kimi qiymətləndirilir.
Qeyri-müəyyənliyə dözümsüz fərdlər
Qeyri-müəyyənliyə dözümsüz fərdlər, qeyri-müəyyən vəziyyətləri təhdidedici kimi şərh etməyə meyllidirlər. Yeni, qarışıq və mücərrəd vəziyyətlərdən narahat olur, bundan qaçmağa çalışırlar (Grenier və b., 2005, s. 595). Müxtəlif sıxıntı və narahatlıqlara səbəb olan mücərrəd vəziyyətləri dözülməz hesab edir və vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirlər (Buhr & Dugas, 2004, s. 223). Gündəlik həyatın bir çox qeyri-müəyyən vəziyyətlərlə dolu olduğu nəzərə alındıqda, qeyri-müəyyənliyə dözümsüz fərdlər adi bir gün ərzində baş verən hadisələri “qəbulolunmaz və narahatedici” kimi qavraya bilərlər (Dugas və b., 2001, s. 552). Bu şəxslər yeni, mürəkkəb və nəticəsi əvvəlcədən bilinməyən situasiyalarda daha yüksək narahatlıq yaşayırlar və qeyri-müəyyən vəziyyətləri digər insanlarla müqayisədə daha çox təhlükə mənbəyi kimi qiymətləndirirlər. Qeyri-müəyyənliyə dözə bilməyən fərdlər yaxın gələcəkdə sevdiklərinin avtomobil qəzasında ölməsi və ya ciddi şəkildə xəstələnməsi kimi ehtimalı nisbətən aşağı olan hadisələrin başvermə ehtimalını şişirtməyə meylli olurlar. Ehtimal qiymətləndirmələri realist olsa belə, yenə də gələcəkdə baş verə biləcək mənfi hadisələrə fokuslanırlar. Bu şəxslər hadisələrin gözlənilməz təbiətini qəbul etsələr də, “baş verə biləcəklər” barədə narahat olmaqdan özlərini saxlaya bilmirlər (Dugas və b., 1997, s. 602). Bütün qeyri-müəyyən məlumatları təhdidedici kimi şərh etmələri bədəndə mühüm somatik stress reaksiyalarının yaranmasını sürətləndirir. Bundan əlavə, problem həll etmə bacarıqları zəiflədiyi üçün passiv davranışlara meyllənir və mücərrəd xarakterli vəziyyətlərdən qaçmağa çalışırlar (Carleton və b., 2007, s. 106).
Qeyri-müəyyənliyə qarşı dözümsüzlüyün psixoloji proseslərlə əlaqəsi
Meta-analiz nəticələri göstərir ki, qeyri-müəyyənliyə dözümsüzlük həm generalizə olunmuş təşviş pozuntusu (GAD), həm major depressiv pozuntu (MDD), həm də obsesiv-kompulsiv pozuntu (OCD) simptomları ilə yüksək səviyyədə əlaqəlidir. Gentes və Ruscio-nun (2011) apardıqları meta-analizdə GAD üçün IU ilə simptomlar arasındakı orta korrelyasiya əmsalı r = .57, MDD üçün r = .52, OCD üçün isə r = .50 olaraq müəyyən edilmişdir. Ölçmə etibarlılığı nəzərə alınaraq düzəldilmiş göstəricilər isə müvafiq olaraq ρ = .65, ρ = .58 və ρ = .54 olmuşdur. Bu nəticələr IU-nun yalnız bir pozuntuya spesifik mexanizm olmadığını, əksinə emosional pozuntular arasında ortaq transdiaqnostik faktor kimi çıxış etdiyini göstərir. Bundan əlavə, bəzi tədqiqatçılar qeyri-müəyyənliyə dözümsüzlüyün perfektionizm və qərarvermə çətinlikləri ilə də əlaqəli olduğunu vurğulayırlar. Yüksək IU səviyyəsinə malik şəxslər səhv etmək ehtimalını təhlükə kimi qiymətləndirdikləri üçün qərar qəbul etmə prosesində həddindən artıq düşünməyə və tərəddüdə meylli olurlar. Bu isə gündəlik funksionallığın zəifləməsinə səbəb ola bilər. COVID-19 pandemiyası dövründə aparılan araşdırmalar da göstərmişdir ki, qeyri-müəyyənlik səviyyəsinin artması təşviş və depressiv simptomların güclənməsinə səbəb olmuşdur. Pandemiya şəraitində gələcəklə bağlı proqnozların azalması IU səviyyəsi yüksək olan fərdlərdə psixoloji gərginliyi daha da artırmışdır.
Qeyri-müəyyənliyə qarşı dözümsüzlük necə idarə edilə bilər?
İdarəetmənin ilk addımı əminlik ehtiyacını tətikləyən situasiyaların və bu zaman yaranan emosional reaksiyaların fərqinə varmaqdır. Avtomatik düşüncə qəliblərini müəyyən etmək onlara qarşı daha rasional başa çıxma mexanizmlərinin formalaşdırılmasına şərait yaradır. Psixologiyada sübut olunmuşdur ki, qaçış davranışı narahatlığı qidalandırır. Bu səbəbdən idarəetmə üçün “nəzarətsizlik məşqləri” tətbiq edilə bilər. Kiçik qərarlarda — məsələn, menyuda tanınmayan bir yeməyi sifariş etmək və ya hava proqnozuna baxmadan evdən çıxmaq — qeyri-müəyyənliyə qəsdən məruz qalmaq beynin diskomfort həddini genişləndirə bilər. Bu zaman yaranan təşvişi bastırmaq deyil, onu müşahidə etmək uzunmüddətli dözümlülüyün formalaşmasına kömək edir. Koqnitiv-davranış terapiyasında (CBT) IU ilə işləyərkən əsas məqsədlərdən biri şəxsin “tam əminlik” axtarışını azaltmaqdır. Çünki həyatın tam şəkildə proqnozlaşdırılması mümkün deyil və davamlı əminlik axtarışı narahatlığın davam etməsinə səbəb olur. Bu yanaşma çərçivəsində fərdlərə qeyri-müəyyən vəziyyətləri təhlükə deyil, həyatın təbii hissəsi kimi qəbul etməyi öyrətmək məqsəd qoyulur. Qeyri-müəyyənlikdən qaçmaq qısamüddətli rahatlıq versə də, uzunmüddətli perspektivdə təşvişi gücləndirə bilər. Buna görə də qeyri-müəyyənliyə mərhələli şəkildə məruz qalmaq və daha elastik düşüncə tərzi formalaşdırmaq psixoloji sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Yekun olaraq, IU-nun transdiaqnostik təbiətinin daha dərindən dərk edilməsi, klinik mühitdə fərqli pozuntular üçün daha effektiv və universal müalicə protokollarının hazırlanmasına imkan yarada bilər.
Ədəbiyyat siyahısı:
• Buhr, K., & Dugas, M. J. (2002). The intolerance of uncertainty scale: Psychometric properties of the English version. Behaviour Research and Therapy, 40(8), 931-945.
• Buhr, K., & Dugas, M. J. (2004). Investigating the construct validity of intolerance of uncertainty. Journal of Anxiety Disorders, 18(2), 221-237.
• Carleton, R. N., Norton, M. P. J., & Asmundson, G. J. (2007). Fearing the unknown: A short version of the Intolerance of Uncertainty Scale. Journal of Anxiety Disorders, 21(1), 105-117.
• Dugas, M. J., Freeston, M. H., & Ladouceur, R. (1997). Intolerance of uncertainty and problem orientation in worry. Cognitive Therapy and Research, 21(6), 593-606.
• Dugas, M. J., Gosselin, P., & Ladouceur, R. (2001). Intolerance of uncertainty and worry: Investigating specificity in a nonclinical sample. Cognitive Therapy and Research, 25(5), 551-558.
• Gentes, E. L., & Ruscio, A. M. (2011). A meta-analysis of the relation of intolerance of uncertainty to symptoms of generalized anxiety disorder, major depressive disorder, and obsessive-compulsive disorder. Clinical Psychology Review, 31(6), 923-933.
• Grenier, S., Barrette, A. M., & Ladouceur, R. (2005). Intolerance of uncertainty and anxiety disorders: A comparative study. Journal of Anxiety Disorders, 19(6), 593-607.