Rəqəmsal Dünyada DƏHP: Simptomlar Nə Dərəcədə Doğrudur?
← Geri Cover

Rəqəmsal Dünyada DƏHP: Simptomlar Nə Dərəcədə Doğrudur?

Müəllif: Aytən Həmid qızı Salehzadə Bakı Dövlət Universiteti | Tarix: 2026-11-03


Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu uşaqlıq dövründə ən çox rast gəlinən neyroinkişaf pozuntusudur: uşaqlıqda DƏHP diaqnozu qoyulmuş şəxslərin əhəmiyyətli bir qismi bu pozuntunu yetkinlik dövründə də yaşamağa davam edir [8]. DƏHP-nin simptomlarına diqqətsizlik, hiperaktivlik və impulsivlik daxildir. DƏHP xroniki və işə qabiliyyəti azaldan bir pozuntu hesab olunur və şəxsin həyatının bir çox sahəsinə - o cümlədən akademik və peşəkar nailiyyətlərə, şəxslərarası münasibətlərə və gündəlik fəaliyyətə təsir etdiyi bilinir. Düzgün idarə olunmadıqda DƏHP uşaqlarda özünəinamın aşağı düşməsinə, akademik və sosial funksiyanın zəifləməsinə səbəb ola bilər. DƏHP olan yetkinlər isə aşağı özünədəyər, tənqidə həssaslıq və artan özünütənqid yaşaya bilərlər [1]. 

Maraqlıdır ki, DƏHP-in "obyektiv" sayılan diaqnostik sərhədləri belə zaman keçdikcə sabit qalmayıb. DSM-4-dən DSM-5-ə keçiddə yetkinlər üçün diaqnoz qoyulması tələb olunan simptom sayı azaldılıb və simptomların başlanma yaşı 7-dən 12-yə qaldırılıb. Bu, sırf texniki bir tənzimləmə kimi görünsə də, praktiki nəticələri kəskin olub: bir araşdırmaya görə, sadəcə bu meyar dəyişikliyi nəticəsində DƏHP üçün simptom həddinə cavab verən yetkinlərin sayı 65% artıb - halbuki bu insanların simptomlarında heç bir real dəyişiklik baş verməyib [8]. Başqa sözlə, "kim DƏHP-li sayılır" sualının cavabı elmi tərifin özündən daha çox, həmin tərifin harada çəkildiyindən asılı olub. Bu müşahidə sonrakı bölmələrdə müzakirə olunacaq tezliyin şişirdilməsi fərziyyəsi üçün əlavə bir kontekst yaradır: diaqnoz sayının artması təkcə cəmiyyətin davranışının deyil, həm də diaqnostik alətin özünün dəyişməsinin nəticəsi ola bilər.

Təxminən uşaqların 8,4%-də və yetkinlərin 2,5%-də DƏHP müşahidə olunur [1]. Lakin bu rəqəmlər sabit qalmır - son illərdə dünya üzrə DƏHP diaqnozlarının sayında kəskin artım müşahidə olunur. Bu artımı anlamaq üçün əvvəlcə daha geniş bir tendensiyaya nəzər salmaq lazımdır: ümumilikdə psixi sağlamlıq haqqında məlumatlılığın artması ilə diaqnoz sayının artması arasındakı əlaqə.

Psixi xəstəliklər haqqında məlumatlılığın artması ictimaiyyətin psixi sağlamlıq savadını yüksəldib, bu da kömək axtarmaq və stiqmanın azalması baxımından müsbət nəticələr verib. Lakin eyni zamanda bu proses insanların psixi xəstəlik anlayışını da genişləndirib. İnsanlar psixi xəstəliyin mövcudluğunu tanımaqda daha yaxşı olsalar da, onun olmadığını müəyyən etməkdə, yəni adi hal ilə xəstəliyi fərqləndirməkdə, əksinə zəifləyiblər. Bu konseptual genişlənmə əsassız özü-diaqnoza, adi kədər/stressin xəstəlik kimi qəbul edilməsinə (patoloji hesab edilməsinə) və lazımsız müalicəyə yol açır. 

Tədqiqatçılar bunu daha dəqiq izah edirlər: psixi sağlamlıq haqqında məlumatlılığı artıraraq ictimaiyyətin savadını yüksəltmək cəhdləri, doğrudan da, dəqiq bilik verə bilər - amma eyni zamanda insanların psixi xəstəlik anlayışını da genişləndirə bilər. Belə ki, diaqnostik anlayışlar haqqında məlumatlılığın artırılması, əgər insanlar onları tətbiq etmək üçün aşağı bir astana qəbul edərlərsə, dəqiqlik əvəzinə meyllilik (yəni hər şeydə xəstəlik əlaməti görmə tendensiyası) yarada bilər.

Maraqlısı budur ki, bu iki hal bir-birini istisna etmir: yüksək səviyyəli psixi sağlamlıq savadı, psixi xəstəliyin həddindən artıq geniş anlayışları ilə tamamilə paralel mövcud ola bilər. Başqa sözlə, insan mövzu haqqında kifayət qədər bilikli ola bilər, amma yenə də adi emosional dalğalanmaları xəstəlik əlaməti kimi qəbul etməyə meylli qala bilər[2].

Son onillikdə Qərb dünyasında əhali arasında simptomların azaldılması və ya qarşısının alınması məqsədilə psixi sağlamlıq problemləri haqqında ictimai məlumatlılığı artırmaq üçün genişmiqyaslı səylər göstərilib. Bu səylərə baxmayaraq, həmin ölkələrdə eyni dövr ərzində bildirilən psixi sağlamlıq problemlərinin sayı artıb. Bu sahədə təqdim olunan fərziyyələrdən biri də "tezliyin şişirdilməsi fərziyyəsi" (prevalence inflation hypothesis) adlanır:

Birincisi, iddia edilir ki, psixi sağlamlıq haqqında məlumatlılıq səyləri əvvəllər kifayət qədər tanınmayan simptomların daha dəqiq bildirilməsinə səbəb olur ki, bu da faydalı bir nəticədir. İkincisi, və daha problemli olaraq, təklif edilir ki, məlumatlılıq səyləri bəzi insanların daha yüngül sıxıntı formalarını psixi sağlamlıq problemi kimi şərh edib bildirməsinə səbəb olur. 

Fərziyyəyə əsasən iddia edilir ki, bu, sonra bəzi insanlarda simptomların həqiqi artımına gətirib çıxarır, çünki narahatlığı psixi sağlamlıq problemi kimi etiketləmək insanın özünüdərkinə və davranışına elə bir şəkildə təsir edə bilər ki, bu, nəticədə özünü-gerçəkləşdirən (self-fulfilling) bir hala çevrilir.

Maarifləndirmə səyləri psixi sağlamlıq problemlərinin artmasına iki mexanizm vasitəsilə töhfə verir, hansıları ki, təkmilləşdirilmiş tanınma və həddindən artıq şərh etmə kimi adlandırılır.

Təkmilləşdirilmiş Tanınma (Improved Recognition): Maarifləndirmə nəticəsində stiqmanın azalması və psixi sağlamlıq savadlılığının artması, əvvəllər gizli qalan və ya görməzdən gəlinən həqiqi psixi problemlərin daha dəqiq aşkar olunmasını və müalicəyə yönəldilməsini təmin edir. Bu, kampaniyaların müsbət və arzulanan nəticəsidir.

Həddindən Artıq Şərh Etmə / Overinterpretasiya (Overinterpretation): Problem yaradan bu mexanizmdə fərdlər gündəlik yaşamın gətirdiyi yüngül, müvəqqəti emosional narahatlıqları və stresi psixiatrik pozuntu kimi qiymətləndirirlər. Kampaniyaların istifadə etdiyi kliniki terminologiya və psixi problemlərin sosial mediada romantikləşdirilməsi fərdlərin özlərinə yanlış "özünə-diaqnoz" (self-diagnosis) qoymasına zəmin yaradır [3]. Özünə-diaqnoz - fərdlərin psixi sağlamlıq mütəxəssisinin qiymətləndirməsi olmadan və ya onunla ziddiyyət təşkil edən şəkildə, qarşılaşdıqları məlumat əsasında özlərinə diaqnoz qoyması prosesidir. Bunun əksinə olaraq, formal diaqnoz - psixi sağlamlıq mütəxəssisinin, çox vaxt bir neçə informatordan və metoddan əldə edilən standartlaşdırılmış məlumat mənbələrinin sintezinə əsaslanaraq verdiyi diaqnozdur [5].

Özünü Doğrultma Proqnozu (Self-Fulfilling Prophecy): Hacking-in "dövrələmə effekti" və Becker-in "etiketləmə nəzəriyyəsi"nə söykənən bu yanaşmaya görə, insan bir neçə dəfə təkrarlanan diqqətsizlik "DƏHP" kimi etiketlədikdə, öz davranışını bu diaqnoza uyğunlaşdırır [3]. 

Mövcud ədəbiyyata əsasən, psixoloji anlayışların öyrədilməsi bəzən mənfi təsirlərə (iatrogenik zərər) yol aça bilər. Məsələn tədqiqatlar göstərir ki, insanlara gizlicə mənfi simptomlar yaşadığı bildirildikdə, onlar sonradan bu simptomları daha çox hiss etdiklərini bildirirlər [3].

Ənənəvi psixoloji maarifləndirmə mənbələrindən fərqli olaraq, sosial media "yaşanmış təcrübə"yə - yəni psixoloji pozuntunu bilavasitə yaşayan şəxslərin perspektivinə - üstünlük verir [5].

Rəqəmsal və media mühitində DƏHP ilə bağlı diqqətin kəskin artımı statistik məlumatlarla da təsdiqlənir: 2024-cü ilin yanvar-may ayları arasında DƏHP haqqında 25,080 media məqaləsi dərc olunub, halbuki 2014-cü ilin eyni dövründə bu rəqəm cəmi 5,775 idi, nəşrlərin sayı isə xüsusilə 2020-ci ildə artmış və 2023-cü ilin əvvəlində zirvəyə çatmışdır. Lakin diaqnoz üçün artan tələbat mütləq həqiqi yayılma səviyyəsinin artdığını göstərmir; əksinə, bu, əvvəllər aşkarlanmamış halların indi tanınmasını, cəmiyyətin koqnitiv müxtəliflik haqqında dəyişən anlayışını və təkmilləşən diaqnostik standartları əks etdirə bilər. Bu fikri dəstəkləyən ən güclü empirik dəlil, Martin və həmkarlarının (2025) sistematik icmalında təqdim olunan tapıntıdır: əvvəlki tədqiqatlar 2012-ci ilə qədər olan üç onillik ərzində uşaq və yeniyetmələrdə DƏHP-in həqiqi yayılmasında artım olmadığını göstərmişdir, baxmayaraq ki, eyni dövrdə diaqnoz və müalicə göstəriciləri artmışdır. Martin və həmkarları (2025) həmçinin özlərinin sistematik icmalında 2020-ci ildən sonrakı dövr üçün bu nəticəni təsdiqləyirlər: həm uşaqlarda, həm yetkinlərdə DƏHP-in real yayılması nisbətən sabit qalmışdır, bu isə onu göstərir ki, artan qiymətləndirmə tələbatı əslində pozğunluğun cəmiyyət tərəfindən necə konseptuallaşdırıldığındakı dəyişikliyi - neyroçeşitlilik haqqında artan məlumatlılıq və müzakirəni - əks etdirir [4].

 Rəqəmsal dünya dedikdə ən çox istifadə olunan platforma TikTok olaraq qəbul edilir. Amerikalıların beşdə ikisi Google kimi ənənəvi axtarış motorlarından çox TikTok-a üstünlük verir; bu üstünlük Z nəsli (64%) və millenniallar (49%) arasında ən güclüdür [5]. Qeyd etmək lazımdır ki aparılan sistemli icmal xüsusilə psixi sağlamlıq kontentinə gəldikdə, digər tədqiqatçılar #autism və #ADHD haştəqlərinin TikTok-un ən çox baxılan 10 sağlamlıqla bağlı haştəqi arasında olduğunu aşkarlayıblar [7].

TikTok kimi istifadəçi yönümlü bir platforma, DƏHP daxil olmaqla, psixi sağlamlıq haqqında məlumat axtaran insanların öz təcrübələrini müzakirə etməyə, əlaqəli hiss etməyə və ümidli olmağa təşviq edən bir mühit yarada bilər. Ən yaxşı halda, yaşanmış təcrübəyə malik həmyaşıdların paylaşdığı psixi sağlamlıq kontenti, mütəxəssislərdən asan və maliyyə cəhətdən əlçatan resursların çatışmazlığını kompensasiya edə bilər. Bəzi insanlar həmçinin qorxu, qeyri-müəyyənlik və ya yalnızlıq hissi keçirdiklərinə, simptomları ilə bağlı daxililəşdirilmiş stiqmaya malik olduqlarına görə TikTok kimi rəqəmsal medialara müraciət edirlər - bunların hamısı üz-üzə dəstək axtarmağa mane olan amillərdir [5]. 

Nəhayət, ənənəvi biomedik yanaşmalar tarixən kənarlaşdırılmış icmalardan olan bəzi insanları psixi sağlamlıqdan uzaqlaşdıra bilər, bu insanlar daha az avtoritar və öz təcrübələrinə daha uyğun hesab etdikləri kontenti sosial mediada tapmağa üstünlük verə bilərlər [6]. 

Bununla belə, TikTok kimi sosial media platformaları effektiv psixoloji maarifləndirmə üçün həmişə əlverişli olmayan şəkildə dizayn edilib. İstifadəçinin diqqətini tez cəlb etmək üçün yaradılan asan həzm olunan, qısa və cəlbedici videolar nüansa üstünlük verməyi çətinləşdirə bilər. Əsas məsələ budur ki, TikTok alqoritmi, nəticə etibarilə, istifadəçilərin platformada keçirdiyi vaxtı uzatmağı hədəfləyir. Bunun üçün TikTok baxış müddəti, bəyənmələr, şərhlər, saxlamalar və paylaşımlar kimi keçmiş ziyarətlərdən əldə edilən davranış göstəricilərindən istifadə edərək istifadəçiyə zövqünə uyğun videolar təqdim edir - bu proses çox vaxt istifadəçi tərəfindən hiss olunmadan baş verir. İnsanların sağlamlıqla bağlı əvvəlcədən mövcud inanclarını dəstəkləyən məlumatı üstün tutması, əksinə olan məlumatı isə ya görməzdən gəlməsi, ya da sərt tənqid etməsi meyli (konfirmasiya qərəzi) bu prosesi daha da gücləndirə bilər. Öz əvvəlcədən mövcud inancına uyğun kontentlə təkrar-təkrar qarşılaşmaq onun qavranılan etibarlılığını və paylaşılma ehtimalını artırır - bu fenomen "əks-səda kamerası effekti" (echo-chamber effect) adlanır [6].

Bu sahədə aparılan ən əhatəli empirik araşdırmalardan biri Karasavva və həmkarlarının (2025) iki mərhələli tədqiqatıdır. Britaniya Kolumbiyası Universitetindən olan tədqiqat qrupu ilk mərhələdə TikTok-da #ADHD haştəqi altında ən çox baxılan 100 videonu təhlil edərək, iki klinik psixoloqun bu videolardakı iddiaları DSM-5 diaqnostik meyarları ilə müqayisə etməsini təmin edib. İkinci mərhələdə isə 843 universitet tələbəsi (DƏHP olmayanlar, özünə-diaqnozu olanlar və formal diaqnozu olanlar) arasında sorğu keçirərək, onların TikTok-dakı DƏHP kontentini nə dərəcədə izlədiklərini və bunun DƏHP haqqında qavrayışlarına necə təsir etdiyini araşdırıblar [5].

Tədqiqatın nəticələri kontentin nə dərəcədə geniş yayıldığını göstərir: təhlil edilən 90 video cəmi 495,7 milyondan çox baxış toplayıb, hər videoya orta hesabla 5,47 milyon baxış düşüb. Diqqətəlayiq haldır ki, bu videoların 93,9%-də məzmun yaradıcıları iddialarını heç bir mənbəyə istinad etmədən təqdim edib, kredensiallarını bölüşənlərin isə 83,6%-i özlərinin klinik təhsilini deyil, şəxsi təcrübələrini əsas gətiriblər [5]. Bundan əlavə, yaradıcıların yarısının məhsul satışı və ya maliyyə dəstəyi axtarışı vasitəsilə maddi mənfəət güdməsi, kontentin elmi dəqiqlikdən çox, izləyici sayını artırmağa yönəlmiş ola biləcəyini göstərir [5].

Belə kontentin tipik forması müəyyən simptomların sadalanması və izləyicinin bunları öz həyatı ilə müqayisə etməyə dəvət edilməsi formatındadır. Karasavva və həmkarlarının (2025) tapıntılarına görə, təhlil edilmiş videoların yalnız 48,7%-i DSM-5-ə uyğun DƏHP simptomu kimi qiymətləndirilə bilib, bu da kontentin populyarlığı ilə klinik dəqiqliyi arasında ciddi uyğunsuzluğu ortaya qoyur [5]. Bundan da əhəmiyyətlisi, videoların 95%-dən çoxunda simptomların hər kəsdə DƏHP olmadan da rast gəlinə biləcəyi qeyd olunmayıb [5]. Bu, izləyicilərin adi, gündəlik davranışları xəstəlik əlaməti kimi qəbul etmə ehtimalını artıran mühüm bir amildir.

Bu tapıntı, məqalənin əvvəlki hissəsində müzakirə olunan "özünü-doğrultma proqnozu" hipotezinin praktiki təzahürüdür - sadəcə bir neçə videoya baxmaq belə, DƏHP-siz insanlarda simptomların şəxsi təcrübə kimi qəbul edilməsi prosesini işə sala bilər. Əlavə olaraq, TikTok-dakı DƏHP kontentini daha tez-tez izləyən iştirakçılar cəmiyyətdə DƏHP-in yayılma səviyyəsini daha yüksək qiymətləndiriblər [5], bu da tezliyin şişirdilməsi fərziyyəsini dəstəkləyən əlavə empirik dəlildir.

Beləliklə, rəqəmsal mühit təkcə DƏHP haqqında məlumatı yaymır, həm də onun necə qavranıldığını formalaşdıran aktiv bir amilə çevrilib [5].

Diqqətəlayiqdir ki, bu nəticələr təkcə bir tədqiqatın təsadüfi tapıntısı deyil - TikTok-dakı DƏHP kontentinin keyfiyyəti fərqli tədqiqat qrupları tərəfindən, fərqli metodologiyalarla da müstəqil şəkildə araşdırılıb və oxşar nəticələrə gəlinib.

Bu sahədəki digər maraqlı tədqiqatlardan biri də Kanada Psixiatriya Jurnalında paylaşılan - "TikTok və Diqqət Əskikliyi/Hiperaktivlik Pozuntusu: Sosial Media Kontentinin Keyfiyyətinə Dair Kəsişən Kəsit Araşdırması"-dır.

Yeung və həmkarlarının (2022) tədqiqatında metodologiya aydın mərhələlərlə qurulub: əvvəlcə TikTok-da "#adhd" haştəqi axtarılaraq, baxış sayına görə ən populyar 100 video seçilib. Bu videolar DƏHP ilə əlaqəli klinik təcrübəyə malik bir psixiatr və bir psixiatriya rezidenti tərəfindən müstəqil şəkildə nəzərdən keçirilib və rəsmi Kanada DƏHP klinik təlimatları (CADDRA) ilə müqayisə edilərək üç kateqoriyaya bölünüb: elmi cəhətdən düzgün məlumat verən "faydalı" videolar, istifadəçinin şəxsi təcrübəsini əks etdirən "şəxsi təcrübə" videoları, və elmi əsası olmayan iddialar ehtiva edən "yanıltıcı" videolar. Qiymətləndiricilər arasında fikir ayrılığı yarandıqda, üçüncü bir psixiatr yekun qərarı vermişdir. - bu, tədqiqatın nəticələrinin subyektiv təəssüratdan çox, sistemli qiymətləndirməyə əsaslandığını göstərir [9].

Təhlil edilən 100 videodan 52%-i yanıltıcı, 27%-i şəxsi təcrübə, cəmi 21%-i isə faydalı kimi qiymətləndirilib, qiymətləndiricilər arasında razılaşma isə yüksək (86%) olub [9]. Diqqətəlayiqdir ki, yanıltıcı videoların 71%-i narahatlıq, depressiya, qəzəb və əhval-ruhiyyə dəyişkənliyi kimi bir çox digər psixi vəziyyətə aid ola bilən simptomları yalnız DƏHP-ə xas kimi təqdim edib -  bu videoların heç biri isə izləyicilərə həmin simptomları DƏHP-ə aid etməzdən əvvəl mütəxəssis rəyi almağı tövsiyə etməyib [9]. Bu, Karasavva və həmkarlarının (2025) tapıntısındakı nüanssızlıq probleminin - yəni simptomların hər kəsdə DƏHP olmadan da rast gəlinə biləcəyinin qeyd olunmaması - konkret bir təzahürüdür.

Maraqlıdır ki, "şəxsi təcrübə" kateqoriyasına aid videolar həm ən yüksək anlaşıqlılıq balını alıb, həm də ən populyar kateqoriya olub [9] - bu, izləyicilərin institusional və ya mütəxəssis mənşəli kontentdən çox, yaşanmış təcrübəyə malik yaradıcıların paylaşımlarına üstünlük verdiyini göstərir. Nəhayət, tədqiqatçılar qeyd edirlər ki, səhiyyə işçiləri tərəfindən yüklənən videolar əhəmiyyətli dərəcədə daha az yanıltıcı (27,3% vs 55,1%) və daha çox faydalı (63,6% vs 15,7%) olsa da, bu qrup nümunənin cəmi 11%-ini təşkil edib [9] - bu, Karasavva və həmkarlarının (2025) tapıntısı ilə tam üst-üstə düşür, belə ki, orada da kredensiallı mütəxəssislərin payı olduqca aşağı olub.

Bu tapıntı təkcə TikTok-a xas deyil - YouTube üzərində aparılan bənzər bir tədqiqatda DƏHP haqqında videoların 38%-i yanıltıcı, cəmi 5%-i isə faydalı kimi qiymətləndirilib, şəxsi təcrübə videoları isə orada da ən yüksək cəlbediciliyə malik olub [9]. Bu nümunənin fərqli platformalarda təkrarlanması göstərir ki, izləyicilər institusional və ya mütəxəssis mənşəli kontentdən çox, yaşanmış təcrübəyə malik yaradıcıların paylaşımlarına üstünlük verirlər - platformadan asılı olmayaraq. Tədqiqatçılar həmçinin vurğulayırlar ki, videoların anlaşıqlı olması onların dəqiq olması demək deyil - bir video asan başa düşülən ola bilər, eyni zamanda yanlış məlumat verə bilər [9]. Bu fərq, məqalənin əvvəlki hissəsində müzakirə olunan overinterpretasiya mexanizmi üçün əlavə bir izah təqdim edir: sadələşdirilmiş, asan həzm olunan məzmun məhz bu anlaşıqlı görünüşü sayəsində daha inandırıcı təsir bağışlaya bilər. Nəhayət, müəlliflər qeyd edirlər ki, DƏHP simptomlarının özünübəyanı həddindən artıq təsdiqlənə bilər, bu da bəzi izləyicilərdə artan diaqnoz və ya səhv diaqnoz riski yarada bilər [9] - araşdırmanın öz müəllifləri tərəfindən irəli sürülən bu fikir, məqalənin əsas tezisi olan tezliyin şişirdilməsi fərziyyəsini dolayı yolla təsdiqləyir.

Nəticə olaraq, DƏHP diaqnozlarının son illərdəki kəskin artımını sadəcə real yayılmanın artması ilə izah etmək kifayət deyil. Nəzəri çərçivə (Hacking-in dövrələmə effekti, Becker-in etiketləmə nəzəriyyəsi) və empirik dəlillər (Martin et al., Rigler et al., Karasavva et al., Yeung et al.) birlikdə göstərir ki, bu artımın kökündə bir neçə paralel mexanizm dayanır: diaqnostik meyarların özünün zaman keçdikcə genişlənməsi, psixi sağlamlıq haqqında ictimai məlumatlılığın overinterpretasiyaya yol açması və rəqəmsal mühitin, xüsusilə TikTok-un, bu prosesləri sürətləndirən aktiv bir amilə çevrilməsi. TikTok-dakı DƏHP kontentinin təxminən yarısının klinik dəqiqlikdən uzaq olmasına baxmayaraq, məhz bu kontentin ən çox izlənilən və paylaşılan olması göstərir ki, media istehlakı insanların pozuntunu necə qavradığına birbaşa təsir edir. Bu araşdırmalar vurğulayır ki, diaqnostik prosesin daha şəffaf aparılması, media platformalarının məzmun keyfiyyətinə diqqət yetirməsi və istifadəçilərin rəqəmsal sağlamlıq məlumatına tənqidi yanaşması zərurətdir.

Ədəbiyyat

1. American Psychiatric Association. (n.d.). What is ADHD? https://www.psychiatry.org/patients-families/adhd/what-is-adhd

2. Haslam, N., & Tse, J. S. (2025). Public awareness of mental illness: Mental health literacy or concept creep?. Australasian psychiatry: bulletin of Royal Australian and New Zealand College of Psychiatrists, 33(1), 18–20. https://doi.org/10.1177/10398562241292202

3. Foulkes, Lucy & Andrews, Jack. (2022). The prevalence inflation hypothesis: Are mental health awareness efforts contributing to the rise in mental health problems?. 10.31234/osf.io/grxmz.

4. Martin, A. F., Rubin, G. J., Rogers, M. B., Wessely, S., Greenberg, N., Hall, C. E., Pitt, A., Logan, P. E., Lucas, R., & Brooks, S. K. (2025). The changing prevalence of ADHD? A systematic review. Journal of Affective Disorders, 388, Article 119427. https://doi.org/10.1016/j.jad.2025.119427

5. Karasavva, V., Miller, C., Groves, N., Montiel, A., Canu, W., & Mikami, A. (2025). A double-edged hashtag: Evaluation of #ADHD-related TikTok content and its associations with perceptions of ADHD. PLOS ONE, 20(3), e0319335. https://doi.org/10.1371/journal.pone.0319335

6. Hyunjin Kang, Chen Lou, AI agency vs. human agency: understanding human–AI interactions on TikTok and their implications for user engagement, Journal of Computer-Mediated Communication, Volume 27, Issue 5, September 2022, zmac014, https://doi.org/10.1093/jcmc/zmac014

7. Zenone M, Ow N, Barbic S. TikTok and public health: a proposed research agenda. BMJ Glob Health. 2021;6(11):e007648. pmid:34819326

8. Rigler, T., Manor, I., Kalansky, A., Shorer, Z., Noyman, I., & Sadaka, Y. (2016). New DSM-5 criteria for ADHD — Does it matter? Comprehensive Psychiatry, 68, 56-59. https://doi.org/10.1016/j.comppsych.2016.03.008

9. Yeung A, Ng E, Abi-Jaoude E. TikTok and Attention-Deficit/Hyperactivity Disorder: A Cross-Sectional Study of Social Media Content Quality. The Canadian Journal of Psychiatry. 2022;67(12):899-906. doi:10.1177/07067437221082854


PSYCHE Psixologiya mərkəzi