Bakıda Psyche Psychology Centerin Təşkilatçılığı ilə "Utanc və Sosial Qorxu" Psixologiya Forumu Keçirilib
Tədbirdə çıxış edən mütəxəssislər problemin elmi tərəflərini müəyyən xətlərlə təhlil ediblər: Psixiatr Orxan Fərəcli Çəkingən Şəxsiyyət Pozuntusunun diaqnostikasını, klinik psixoloq Qumru Şərifova problemin bioloji və somatik köklərini, psixoloq Lamiyə Miryaqubova sosial fobiyada CBT (Koqnitiv Davranış Terapiyası) müdaxilələrini, uşaq və yeniyetmə psixoloqu Leyla Sultanova isə ailə sisteminin uşaqlardakı qorxulara təsirini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin xüsusi panel hissəsində isə mövzunun iş və akademik mühitdəki fəsadları müzakirə edilib. Harvard İctimai Səhiyyə təqaüdçüsü, həkim-psixiatr Aygün Zeynalova, "Tağıyev" proyektinin quruluşçu rejissoru Zaur Qasımlı, "RealDent" MMC-nin direktoru Emin Kərimov və ADA Universitetinin şöbə müdiri Elçin Məmmədov sosial utancın karyera inkişafına, korporativ liderliyə, yaradıcılığa və təhsil mühitindəki psixoloji təhlükəsizliyə təsirlərini praktik nümunələrlə analiz ediblər.
Tədbirin yekununda keçirilən interaktiv workshop vasitəsilə iştirakçılar performans qorxusu və daxili gərginliyi idarə etmək üçün real psixoedukativ alətlər qazanıblar.
Həm mental sağlamlıq sahəsində çalışan mütəxəssislər, həm də geniş auditoriya tərəfindən böyük maraqla qarşılanan bu forum, yüksək fəallıq şəraitində keçirilmiş və fərdi maneələrin elmi əsaslarla aşılması istiqamətində mühüm elmi-praktik töhfə vermişdir.