← Назад
Ümid və risk arasında balans: Psixi sağlamlıqda GenAI üçün etik məsələlər
Müəllif: Müəllif: Aaron Jones / Tərcümə: Lamiyə Miryaqubova |
Дата: 2025-12-02
TƏDQİQAT İCMALI
(Tarix: 24 oktyabr 2025)
Yaradıcı Süni İntellektin (GenAI) istifadəsi sürətlə artdıqca, yeni tədqiqatlar bu texnologiyanın psixoloji praktikada həm çevikləşdirici potensialını, həm də etik baxımdan doğurduğu çətinlikləri üzə çıxarır.
GenAI qısa zamanda gündəlik həyatın bir hissəsinə çevrilib. Son araşdırmalara görə, ABŞ-da hər 6 yetkindən biri (təxminən 17%) ayda ən azı bir dəfə sağlamlıqla bağlı məlumat və ya məsləhət almaq üçün GenAI-dən istifadə edir. Gənc yetkinlər arasında bu göstərici 4 nəfərdən 1-nə qədər yüksəlir (Blease & Rodman, 2025).
Süni intellektin istifadəsi psixi sağlamlıq xidmətlərində də sürətlə artır: aparılan son tədqiqatlardan birinə əsasən, psixi sağlamlıq mütəxəssislərinin təxminən 40%-i klinik qərarvermə, sənədləşmə və pasiyentlərlə yazışma kimi işləri dəstəkləmək üçün ChatGPT-dən istifadə etdiyini bildirib (Blease & Rodman, 2025).
ChatGPT kimi böyük dil modelləri (LLM) ilə işləyən çatbotlar, GenAI-nin ən əlçatan və geniş yayılmış formalarından birini təmsil edir. Bu sistemlər təbii dialoqu təqlid edir və istifadəçilərə insanabənzər şəkildə cavab verir.
Psixi sağlamlıq sahəsində belə çatbotlar getdikcə daha çox psixoedukasiya, terapevtik dialoq və hətta müalicə prosesinin bəzi mərhələlərində dəstək vasitəsi kimi təqdim olunur.
GenAI-nin istifadəsi bu qədər sürətlə artarkən, xüsusilə də bu texnologiyalar psixi sağlamlıq dəstəyi göstərməyə başladıqca, onun ətrafındakı etik məsələlərə diqqət yetirmək olduqca vacibdir.
Bu “Research Roundup” bölməsində biz psixi sağlamlıq sahəsində GenAI istifadəsi ilə bağlı etik çərçivələri və diqqət yetirilməsi vacib olan məqamları araşdıran üç yeni tədqiqat məqaləsini nəzərdən keçirəcəyik.
Birinci məqalə GenAI-nin psixi sağlamlıq sahəsindəki imkanlarını və məhdudiyyətlərini göstərir və etik inteqrasiya üçün tövsiyələr təqdim edir. İkinci məqalə psixi sağlamlıq dialoq agentlərinin səriştələrini qiymətləndirmək üçün geniş və sistemli bir etik çərçivə təklif edir. Üçüncü məqalə isə biomedikal baxış bucağından yanaşaraq psixoterapevtik mühitdə GenAI istifadəsi üçün etik tövsiyələr verir.
Bu üç məqalə birlikdə psixoloqlar və digər psixi sağlamlıq mütəxəssisləri üçün GenAI-nin psixi sağlamlıq təhsili və müalicəsindəki imkanlarını və risklərini başa düşmək və onlarla düzgün şəkildə işləmək üçün əsas yaradır.
Qeyd etmək lazımdır ki, bu, yalnız mövzu ilə bağlı mövcud geniş tədqiqatların qısa icmalıdir. Psixoloqlar və digər psixi sağlamlıq mütəxəssisləri bu tədqiqatlara daha dərindən baxaraq, praktikada onlar üçün ən faydalı ola biləcək yanaşmaları müəyyən edə bilərlər, xüsusilə də pasiyentlərin dəyərləri, mədəniyyəti və üstünlükləri ilə əlaqədar olaraq.
GenAI-nin psixi sağlamlıq sahəsində məsuliyyətli dizaynı, inteqrasiyası və istifadəsi
Asman, O. və digərləri, JMIR Mental Health, Cild 12, №1, 2025
GenAI fərdi psixoedukasiya, terapevtik dəstək və böhranların proqnozlaşdırılması sahəsində ümidverici potensiala malik olsa da, onu psixi sağlamlıq xidmətlərinə təhlükəsiz və effektiv şəkildə daxil etmək üçün ciddi etik çərçivələr tələb olunur. Müəlliflər GenAI-nin potensialını vurğulamaqla yanaşı, meyilli yanaşmalar (bias), insan dəyərləri ilə uyğunlaşmama və humanist qayğı elementlərinin itirilməsi kimi risklərə də diqqət çəkirlər.
Müəlliflər beş empirik və konseptual məqalədən əldə edilən məlumatları birləşdirərək GenAI-nin emosiyaları tanıma, intihar riski qiymətləndirməsi, terapiya xülasəsi hazırlanması və böhranların proqnozlaşdırılması sahələrindəki tətbiqlərini araşdırıblar. Bu təhlil cari imkanlar və məhdudiyyətlər, etik və insan yönümlü yanaşmalar, həmçinin GenAI-nin dəyərlər və əxlaqi prinsiplərlə uyğunluğu mövzuları çərçivəsində aparılıb.
Bu beş kateqoriya üzrə aparılan təhlil nəticəsində müəlliflər aşağıdakı etik məsələləri müəyyən edə biliblər:
Şəffaflıq və avtonomiya: GenAI-nin rolunun əlavə dəstək xarakterli olduğu və psixi sağlamlıq müalicəsində insan qarşılıqlı əlaqəsinin əvəzləyicisi olmadığı açıq şəkildə göstərilməlidir. GenAI müalicəni gücləndirə bilər, amma insan elementi əvəzolunmazdır və insanlarla qarşılıqlı əlaqədən yaranan şəxsi inkişafın vacibliyini vurğulayır.
Terapiyada empatiyanın qorunması: Tarixi olaraq az təmsil olunan qrupların və cəmiyyətə xas meyilli yanaşmaların GenAI modellərinin təlimində istifadə olunan məlumatlara əks olunmaması təmin edilməlidir. GenAI vasitəsilə aparılan terapiya empatiya kimi əsas insan elementini saxlayır ki, bu da effektiv terapevtik nəticələr üçün çox önəmlidir.
Aydın ünsiyyət: GenAI-nin məhdudiyyətləri barədə istifadəçilərə aydın məlumat verilməlidir, çünki “insanabənzər” LLM-lər (Böyük Dil Modelləri – Large Language Models) kontekstual zəruriliklərdən məhrum ola bilər və bu, GenAI modellərinin zərərli cavablar verməsinə səbəb ola bilər. Bu səbəbdən LLM-lərin yüksək keyfiyyətli məlumatlarla diqqətlə tənzimlənməsi vacibdir.
Psixi sağlamlıq sahəsində süni intellekt əsaslı dialoq agentlərini qiymətləndirmək üçün çərçivə
Bunge, E. L. və digərləri, Journal of Technology in Behavioral Science, 2025
Müəlliflər psixi sağlamlıqda GenAI dialoq agentlərini qiymətləndirmiş, əksər tədqiqatların simptomların azalmasına diqqət yetirdiyini, lakin terapevtik prosesləri araşdırmadığını qeyd ediblər. Bu məqalə Thera-Turing Testi (TTT) adlı etik çərçivəni təqdim edir. TTT, süni intellekt vasitəsilə aparılan dialoqların keyfiyyətini, təhlükəsizliyini və terapevtik effektivliyini insan standartları ilə müqayisə edərək qiymətləndirmək üçün hazırlanıb.
TTT, çatbot dialoqlarının terapevt tərzi ilə strukturlaşdırılmış qiymətləndirməsini təmin edir və təhlükəsizlik, empatiya, mədəni şüur və müalicə sadiqliyi kimi kriteriyaları yoxlayır. Bu qiymətləndirmə mərhələli testlər, ekspertlərin kor qiymətləndirməsi və həm spesifik, həm də tam dialoqların təhlili vasitəsilə aparılır ki, psixi sağlamlıq çatbotunun real dünyada istifadəyə hazır olub-olmadığı müəyyən edilsin.
Ölçmə üsulları
Hakimlər dialoqları əsas sahələr üzrə qiymətləndirir:
• Təhlükəsizlik: Zərərli məzmunun olmaması, böhran vəziyyətində düzgün cavab verilməsi.
• Aydınlıq: Mesajların aydın və başa düşülən olması.
• Əlaqə və empatiya: Dialoq agenti istifadəçi ilə münasibət qururmu?
• Müalicə sadiqliyi: Əsaslanmış metodların tətbiqi və terapiyanın düzgün mərhələləri.
• Mədəni şüur: Müxtəlif kimliklər və mənşələr üçün uyğunlaşmalar.
• Yönləndirmələr: Lazım olduqda əlavə resurslara istiqamətləndirmə.
Psixi sağlamlıqda generativ süni intellekt – etik qiymətləndirmə
Blease, C. və digərləri, Current Treatment Options in Psychiatry, Cild 12, №5, 2024
Müəlliflər GenAI çatbotlarının psixi sağlamlıq xidmətlərinə inteqrasiyasını biomedikal etik perspektivdən qiymətləndirmişlər. GenAI empatiyanı artırmaq, diaqnostik müzakirələri yaxşılaşdırmaq və xidmətə çıxışı genişləndirmək potensialına malik olsa da, yanlış məlumat, alqoritmik meyillilik və məxfilik pozuntuları kimi risklər də daşıyır. Müəlliflər vurğulayırlar ki, psixi sağlamlıq texnologiyalarının etik nəticələrinə daha çox diqqət yetirilməlidir.
Bu icmal 2022–2024-cü illərdə sağlamlıq sahəsində GenAI üzrə aparılmış dörd yeni tədqiqatı sintez edir və nəticələri etik tədqiqat suallarına çevirir. Təsirini qiymətləndirmək üçün təsadüfi nəzarətli sınaqlar, pasiyent sorğuları və klinik hesabatlar kimi metodologiyaları tövsiyə edir.
İcmal aşağıdakı etik məsələləri təqdim edir:
Pasiyentin avtonomiyasına hörmət: GenAI-nin istifadəsi barədə məlumatlı razılığın və doğru açıqlamanın təmin edilməsi. Gələcək tədqiqatlar GenAI ilə işləyərkən pasiyentin özünü gücləndirilmiş hiss etməsini araşdırmalıdır.
Xeyirxahlıq (Beneficence): Empatiyanın artırılması, terapevtik əlaqənin gücləndirilməsi və diaqnostik dəstəyin təmin olunması. Konkret tövsiyə olaraq, empatiya anlayışının empirik tədqiqatlarda diqqətlə parçalanması və terapevtik əlaqənin gücünü ölçən təsdiqlənmiş ölçümlərin istifadə olunması göstərilir.
Zərər verməmək (Nonmaleficence): Yanlış məlumat və səhvlərdən doğan zərərlərin qarşısının alınması. Konkret tövsiyə olaraq, pasiyentlərin daha çox istifadə etməsi ehtimal olunan kommersiya alətlərinin səhv nisbətini araşdıran əlavə empirik tədqiqatların davam etdirilməsi tövsiyə olunur.
Ədalət (Justice): Alqoritmik meyilliliklə mübarizə və ədalətli çıxış imkanlarının təşviqi. Konkret tövsiyə olaraq, bu alətləri qəbul edən pasiyentlər və kliniklər arasında meyillilik və müalicədə ayrı-seçkilik risklərinə diqqət yetirilməsi göstərilir.
Məxfilik və gizlilik: Həssas sağlamlıq məlumatlarının qorunmasının təmin edilməsi. Konkret tövsiyə olaraq, gələcək kəmiyyət və keyfiyyət sorğu tədqiqatlarında GenAI alətləri ilə bağlı kliniklərin və pasiyentlərin məxfilik və gizlilik anlayışlarının və fikirlərinin araşdırılması tövsiyə olunur.
GenAI alətlərinin inteqrasiyası həmişə məsuliyyətli dizayn və nəzarət çərçivəsində aparılmalıdır — burada şəffaflıq, hesabatlılıq və sübutlara əsaslanan praktikaya sadiqlik müzakirə mövzusu ola bilməz.
Klinik nəticələr
Bu üç məqalə süni intellektin (GenAI) psixoloji sahədə həm böyük imkanlar, həm də ciddi etik risklər daşıdığını göstərir. Psixoloqlar üçün əsas nəticə budur: GenAI alətlərindən istifadə məsuliyyətli şəkildə və nəzarət altında aparılmalıdır. Yəni şəffaflıq, hesabatlılıq və elmi əsaslı işləmə prinsipləri mütləq qorunmalıdır.
Məsələn, Thera-Turing Test (TTT) chatbotların pasiyentlə ünsiyyət keyfiyyətini yoxlamaq üçün praktik bir model təqdim edir. Bununla yanaşı, etik prinsiplərdən olan pasiyentin qərar vermə azadlığı (autonomiya), zərər verməmək, ədalət və məxfilik kimi dəyərlər də nəzərə alınmalıdır.
Ən vacib məqamlardan biri isə terapiyada empatiyanın və insan münasibətinin qorunmasıdır. GenAI psixoloqun yerini tutmamalı, əksinə, onun işini dəstəkləyən köməkçi vasitə olmalıdır.
Psixoloqlar süni intellekt texnologiyalarına tənqidi və düşünülmüş şəkildə yanaşdıqda, bu alətlər psixoloji xidmətləri daha əlçatan edə, qərarverməni dəstəkləyə və pasiyentlərin rifahını artırmağa kömək edə bilər — lakin bu, yalnız etik və insani dəyərlər qorunduğu halda mümkündür.
Əlavə oxu üçün mənbələr
Chen, D. və digərləri (2024). Psixologiyada yaradıcı süni intellektin inqilabı: Davranış, şüur və etikanın bir-birinə qarışması. Acta Psychologica, 251, 104593.
https://doi.org/10.1016/j.actpsy.2024.104593
Golden, A. & Aboujaoude, E. (2024). Psixi sağlamlıqda süni intellekt alətlərinin qiymətləndirilməsi üçün çərçivə: Yaradıcı süni intellekt əsaslı obsesiv-kompulsiv pozuntu platformasına tətbiq nümunəsi (təlimat). JMIR Formative Research, 8(1).
https://doi.org/10.2196/62963
İstinadlar
Blease, C. & Rodman, A. (2024). Psixi sağlamlıqda yaradıcı süni intellekt: Etik qiymətləndirmə. Current Treatment Options in Psychiatry, 12(1), 5.
https://doi.org/10.1007/s40501-024-00340-x
Martineau, K. (2023, 20 aprel). GenAI nədir? IBM Research Blog.
https://research.ibm.com/blog/what-is-generative-AI