Tükənmişlik Sindromu: Səbəbləri, Təsirləri Və Öhdəsindən Gəlmə Strategiyalarının İcmalı
← Назад Cover

Tükənmişlik Sindromu: Səbəbləri, Təsirləri Və Öhdəsindən Gəlmə Strategiyalarının İcmalı

Müəllif: Aytən Salehzadə, Bakı Dövlət Universiteti, Psixologiya, III kurs | Дата: 2026-06-18


İş və peşə mühitləri düzgün təşkil olunmadıqda və ya idarə olunmadıqda, işçilər üçün onları tükədən və psixoloji resurslarını bitirən mənfi nəticələrə səbəb ola bilər. Müasir dövrdə emosional yanma (burnout) həm fərdlər, həm də təşkilatlar üçün psixososial peşə risklərindən birinə çevrilmişdir. Əvvəllər emosional yanmanın yalnız insan qayğısı tələb edən peşə sahiblərinə (məsələn, səhiyyə, sosial xidmət və s.) xas olduğu düşünülsə də, son araşdırmalar bu sindromun bütün peşə sahələrində inkişaf edə biləcəyini göstərir. Amma araşdırmalar səhiyyə mütəxəssisləri arasında emosional yanma sindromunun əhəmiyyətli dərəcədə yayıldığını aşkar etmişdir. Qlobal bir araşdırma bu yayılma faizinin 67.0% olduğunu göstərir. Həkimlər emosional yanmaya qarşı xüsusilə həssasdırlar və digər peşə sahibləri ilə müqayisədə onlarda bu risk 15 dəfə daha yüksəkdir. Xüsusilə təcili yardım həkimlərində emosional yanma göstəricilərinin çox yüksək olduğu tapılmışdır[6 ,7]. Emosional yanmanın işçilərin iş və şəxsi həyatına göstərdiyi nəhəng mənfi təsir, eləcə də bu vəziyyətdən ən çox zərər çəkən ölkələrin iqtisadiyyatına və xalq sağlamlığına vurduğu ziyan, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) bu sindromu Beynəlxalq Xəstəliklərin Təsnifatının 11-ci nəşrinə (ICD-11) yalnız peşə kontekstinə aid bir fenomen kimi daxil etməyə sövq etmişdir [1].
APA dictionary-ə görə, emosional yanma motivasiyanın azalması, performansın düşməsi, həmçinin insanın özünə və başqalarına qarşı mənfi münasibət bəsləməsi ilə müşayiət olunan fiziki, emosional və ya zehni tükənmə vəziyyətidir. Bu vəziyyət, xüsusilə həddindən artıq və uzunmüddətli fiziki və ya zehni gərginlikdən, yaxud ağır iş yükündən qaynaqlanan stres və gərginliyin insanı üstələdiyi ana qədər yüksek templə işləməyin nəticəsində yaranır. Bu söz ilk dəfə 1975-ci ildə amerikalı psixoloq Herbert C. Freydenberqer (Herbert J. Freudenberger, 1926–1999) tərəfindən iş yükü ağır olan klinikalarda çalışan işçilərə istinadən bu mənada istifadə edilmişdir [2]. Daha sonra 1981-ci ildə Maslax (Maslach) daha genişmiqyaslı bir tərif, habelə bu gün də ən çox istifadə olunan emosional yanma ölçmə alətini — "Maslax Emosional Yanma İnventarını" (Maslach Burnout Inventory) təqdim etdi[10]. Bu sindrom travmalarla işləyən və şahid olduqları fəsadların yaratdığı kumulyativ (toplanmış) ikinci dərəcəli travmanın təsiri altında özünü çarəsiz hiss edən terapevtlərdə və ya psixoloji məsləhətçilərdə xüsusilə kəskin formada özünü göstərə bilər [3].Əlavə olaraq qeyd etmək lazımdır ki, emosional yanmaya səbəb olan təşkilati risk faktorlarını və iş mühitindəki çoxsaylı stresorları sistemli şəkildə qiymətləndirmək üçün elmi ədəbiyyatda Leiter və Maslach tərəfindən hazırlanmış 'İş Həyatının Sahələri Şkalası'ndan (Areas of Worklife Scale - AWS) geniş istifadə olunur[10].
İnkişaf etmiş ölkələrdə bu mövzu tibb sahəsinin də marağını cəlb edir. Burnout mövzusunun araşdırılmasında ən böyük problemin biri qəbul edilmiş vahid bir tərifinin olmamasıdır. Bu sindromu digər sağlamlıq pozuntularından (məsələn, depressiyadan) ayırmaq çətindir və potensial səbəb faktorları hələ də böyük mübahisə mövzusudur. Psixoloqlar tərəfindən dərc olunan məqalələrə əsasən deyə bilərik ki, emosional yanma sindromunu başa düşmək üçün fənlərarası (interdisiplinar) yanaşma vacibdir [3].
Burnout Sindromunun Əsas Simptomları
Emosional yanma (Burn-out), Beynəlxalq Xəstəliklərin Təsnifatının 11-ci nəşrinə (ICD-11) rəsmi bir peşə fenomeni kimi daxil edilmişdir. O, tibbi bir xəstəlik (vəziyyət) kimi təsnif edilmir. Bu sindrom aşağıdakı fəsildə təsvir olunub: 'Sağlamlıq vəziyyətinə təsir edən və ya səhiyyə xidmətləri ilə təmasa səbəb olan faktorlar' — bu fəsil insanların səhiyyə xidmətlərinə müraciət etmə səbəblərini əhatə edir, lakin bura daxil olan bəndlər xəstəlik və ya tibbi patologiya sayılmır. Emosional yanma — uğurla idarə oluna bilməyən xroniki iş yeri stresinin nəticəsi kimi konseptuallaşdırılan bir sindromdur. O, üç ölçü (əlamət) ilə xarakterizə olunur:
• Enerji tükənməsi və ya bitkinlik hissi;
• İşdən zehni uzaqlaşma, yaxud işlə bağlı neqativizm və ya kinizm (istehza, laqeydlik) hissinin artması; və
• Peşəkar effektivliyin (məhsuldarlığın) azalması.
Emosional yanma spesifik olaraq yalnız peşə kontekstindəki (iş həyatındakı) fenomenlərə aiddir və həyatın digər sahələrində yaşanan təcrübələri təsvir etmək üçün tətbiq edilməməlidir[1].
Burnout-un Yaranma Səbəbləri
Emosional yanma, adətən, yüksək səviyyəli xroniki stresə uzun müddət məruz qalma nəticəsində yaranır. Ümumi səbəblərə ağır iş yükü, qeyri-real gözləntilər, şəxsin öz işi üzərində nəzarətinin olmaması, işin şəxsə uyğun gəlməməsi (zəif iş uyğunluğu), iş yerindəki şəxslərarası münaqişələr, həmçinin həmkarlar və ya rəhbərlik tərəfindən dəstəyin olmaması daxildir.
1. Həddindən Artıq İş Yükü
Emosional yanmanın əsas səbəblərindən biri ağır və idarəediləbilməz iş yüküdür. Fərdlər davamlı olaraq uzun saatlarla işləmək, ciddi olaraq son tarixlərə (deadline) əməl etmək və ya idarəolunmaz sayda tapşırığın öhdəsindən gəlmək məcburiyyətində qaldıqda, onlarda emosional yanma riski daha yüksək olur.
2. Nəzarətin Olmaması
Şəxsin öz işi üzərində çox az nəzarətə sahib olduğunu hiss etməsi və ya tapşırıqları ilə bağlı qərarlar qəbul edə bilməməsi emosional yanmaya səbəb ola bilər. Beləki bu daha çox iş yerindəki idarəetmə stili ilə bağlı ola bilər. Muxtariyyət (müstəqillik) və seçim etmək bacarığı insanın mənəvi rifahı üçün vacibdir.
3. Tanınma və Mükafatlandırılma Əskikliyi
Fərdlər öz səylərinin nəzərə çarpmadığını və ya qiymətləndirilmədiyini hiss etdikdə, bu vəziyyət emosional yanmaya təkan verə bilər. Görülən ağır iş müqabilində rəğbət (tanınma) və ya maddi mükafatın olmaması insanın motivasiyasını qırır.
4. Şəxslərarası Problemlər
Həmkarlar, rəhbərlər və ya müştərilərlə yaşanan münaqişələr ciddi bir stres mənbəyi ola bilər və emosional yanmaya şərait yarada bilər. İş yerindəki zəif və korlanmış münasibətlər iş məmnuniyyətini daxildən sarsıdır.
5. Rol Qeyri-müəyyənliyi / Qeyri-dəqiq Gözləntilər
İş rolları və gözləntilər qeyri-müəyyən olduqda və ya daim dəyişdikdə, bu, stresə və insanın özünü yetərsiz hiss etməsinə səbəb ola bilər ki, bunlar da emosional yanma üçün ciddi risk faktorlarıdır.
6. Qeyri-kafi Resurslar
İnsanın öz işini effektiv şəkildə yerinə yetirməsi üçün alətlər, personal və ya dəstək kimi resursların yetərsiz olması işi çətinləşdirir və stres səviyyəsini artırır.
7. Fərdi Faktorlar
Perfeksionizm (mükəmməllikçilik) və ya güclü nəzarət etmək istəyi kimi müəyyən xarakterik xüsusiyyətlərə malik olan fərdlər emosional yanmaya daha meyilli ola bilərlər. Bundan əlavə, insanda əvvəllər mövcud olan psixi sağlamlıq problemləri də onu bu sindroma qarşı daha həssas (müdafiəsiz) edə bilər.
8. Zəif İş-Həyat Balansı
İş ilə şəxsi həyat arasında sağlam bir tarazlığı qoruya bilməmək stresi artırır və emosional yanma riskini yüksəldir.
9. Sosial Dəstəyin Olmaması
İş yerində həmkarlar və ya rəhbərlik tərəfindən təcrid olunmuş (yalnız) hiss etmək və dəstək görməmək emosional yanma prosesini daha da kəskinləşdirir (gücləndirir)[1,5].
Burnout-un Mərhələləri
Ədəbiyyatda emosional yanmaya (burnout) anlıq bir vəziyyət deyil, işçinin peşə mühiti ilə münasibətlərinin zamanla pisləşdiyi dinamik bir proses kimi baxılır . Sistemli tədqiqatlara əsaslanan bu yanaşma, sindromun fərdi və təşkilati kontekstdə reallaşan 4 ardıcıl mərhələdən (Mərhələ 0–3) keçdiyini göstərir:
• Mərhələ 0 (İdealist Coşğu): İşçi yüksək motivasiya və ambisiyalı hədəflərlə işə başlayır. İş özünüreallaşdırmanın əsas mənbəyi sayıldığından, fərd şəxsi həyatını arxa plana ataraq peşəsinə həddindən artıq enerji qoyur. Bu mərhələdə tükənmə əlamətləri müşahidə olunmur .
• Mərhələ 1 (İdealların Zəifləməsi): Zamanla iş mühitinin obyektiv çətinlikləri, ziddiyyətləri və maneələri ilkin coşğunu zədələyir. Səylərinə rəğmən durğunluq yaşayan işçidə peşəkar fəaliyyətinə qarşı şübhə və qeyri-müəyyənlik hissi yaranır.
• Mərhələ 2 (Qoruyucu Geriçəkilmə): İş mühiti psixoloji təhdid kimi qavranıldığı üçün işçi özünü qorumaq məqsədilə emosional geriçəkilməyə əl atır. Bu faza işə qarşı laqeydlik, yadlaşma və istehza (kinizm) ilə xarakterizə olunur. Problemlər artıq şəxsi həyata sirayət edərək ilkin fiziki və koqnitiv simptomlarla özünü göstərir. Ümumilikdə həm şəxs üçün həm də iş üçün problemlər yaradır.
• Mərhələ 3 (Təsdiqlənmiş Emosional Yanma): Uzunmüddətli inkarın nəticəsi olan bu son mərhələdə psixoloji müqavimət tamamilə qırılır və kəskin fiziki-emosional çöküş baş verir. Kritik bir hadisə və ya xəstəlik məzuniyyəti bu duruma son qoyur. Bu dövr depressiya riskini artırsa da, fərdin öz prioritetlərini yenidən qiymətləndirməsi üçün zəruri oyanış nöqtəsidir[8].
Burnout-dan Qorunma və Öhdəsindən Gəlmə Yolları
Emosional yanmadan qorunmaq, həyatınızda tarazlıq yaratmaqla bağlıdır. Emosionaldan yanmadan qorunmaq üçün bəzi effektiv və pratiki strategiyalar və tövsiyyələr aşağıdakılardır:
1.Sərhərdlər təyin etmək
Bu emosional yanmadan qorunmaq üçün əsas şərtlərdən biridir. Uyğun sərhədlər qurmaq üçün ilk öncə sizin üçün Ən mühüm tapşırıqlarınızı prioritetləşdirin və sizin üçün vacib hesab etmədiyiniz işlərə yox deməyi bacarın[9].
2. Özünə Qulluq (Self-Care) ilə Məşğul Olun
Özünə qulluq dedikdə fiziki, emosional və psixi sağlamlığınızı qorumaq üçün atılan addımlar nəzərdə tutulur.
3. Şüurlu Fərqindəlik (Mindfulness) və Stres İdarəetməsi
Mindfulness stressi idarə etməyə kömək edir və özünüzü çarəsiz, boğulmuş hiss etdiyiniz zaman sizi sakitləşdirir. Fiziki gərginliyi aradan qaldırmaq üçün mütərəqqi əzələ relaksasiyası (progressive muscle relaxation) məşqlərini edin. Zehninizi təmizləmək və stressi emal etmək üçün gündəlik tutun[9].
4. Perspektivinizi Yenidən Formalaşdırın (Reframe)
Öhdəliklərinizə baxış bucağınızı dəyişmək emosional yanma ilə mübarizəyə kömək edə bilər. Tapşırıqları bir yük kimi görmək əvəzinə, onları böyümək (inkişaf) imkanları kimi görməyə çalışın. İşinizin və ya şəxsi həyatınızın müsbət tərəflərinə diqqət yetirin. Böyük tapşırıqları daha kiçik, idarə oluna bilən hissələrə bölün. Motivasiyada qalmaq üçün kiçik qələbələrinizi belə qeyd edin (mükafatlandırın) [9].
5. İşdən Kənarda Hobbillər və Maraq Sahələri İnkişaf Etdirin
İşinizdən kənarda bir kimliyə və maraqlara sahib olmaq həyati əhəmiyyət kəsb edir. Yaradıcı bir hobbi ilə məşğul olmaq, sevdiklərinizlə vaxt keçirmək və ya yeni sahələri kəşf etmək olsun — sizə sevinc və məmnunluq gətirən fəaliyyətlərlə məşğul olun. İşdən kənarda çoxşaxəli bir həyata sahib olmaq insana tarazlıq və düzgün perspektiv qazandırır, emosional yanma şansını azaldır[9].
Təşkilati Səviyyədə Emosional Yanmanın Qarşısının Alınması
Müasir meta-analiz tədqiqatları sübut edir ki, emosional yanmanın azaldılmasında təşkilati və kombinə edilmiş müdaxilələr fərdi yanaşmalardan daha effektivdir. Tədqiqatlar göstərir ki, sadəcə iş qrafikini dəyişmək təkbaşına nəticə verməsə də, iş yükünün azaldılması və işçilərin qərarlara cəlb edilməsi ən yüksək preventiv təsirə malikdir [11, 12].
Bu elmi tapıntılara əsasən, təşkilatların həyata keçirməli olduğu əsas strateji tədbirlər bunlardır:
1. İş Tələbləri və Resurslar Arasında Balansın Qurulması: Tələb-Resurs Nəzəriyyəsinə uyğun olaraq, xroniki tükənmənin qarşısını almaq üçün iş yükü (tələblər) ilə kadr dəstəyi və zaman (resurslar) arasında düzgün tarazlıq yaradılmalıdır. Kritik sahələrdə kadr sayı artırılmalı, mövcud işçi qüvvəsi struktur cəhətdən gücləndirilməlidir.
2. İşçilərin Səriştəsinin və Effektivliyinin Yüksəldilməsi: İşçilərin üzərinə düşən tapşırıqları daha az streslə yerinə yetirə bilməsi üçün mütəmadi peşəkar təlimlər təşkil edilməlidir. Bu təlimlər vasitəsilə əməkdaşların həm peşəkar bilikləri, həm də zamanı idarəetmə kimi iş səmərəliliyi bacarıqları inkişaf etdirilməlidir.
3. İştiraklı Müdaxilələrin və Səlahiyyətləndirilmənin Tətbiqi: Əməkdaşlar iş yerindəki problemlərin tapılmasından başlayaraq, fəaliyyət planlarının hazırlanması, tətbiqi və qiymətləndirilməsinə qədər bütün idarəetmə mərhələlərinə birbaşa cəlb olunmalıdırlar. İşçilərin qərarların qəbulunda iştirakı onların iş üzərindəki nəzarət hissini və daxili motivasiyasını artırır, nəticədə emosional tükənmənin və işdən yadlaşmanın (depersonalizasiyanın) qarşısını kökündən alır [11, 12].

İstifadə edilən ədəbiyyat siyahısı:
1.Edú-Valsania, S., Laguía, A., & Moriano, J. A. (2022). Burnout: A Review of Theory and Measurement. International Journal of Environmental Research and Public Health, 19(3), 1780. https://doi.org/10.3390/ijerph19031780
2.American Psychological Association. (2018, April 19). Burnout. In APA dictionary of psychology. https://dictionary.apa.org/burnout
3. Weber, A., & Jaekel-Reinhard, A. (2000). Burnout syndrome: A disease of modern societies? Occupational Medicine, 50(7), 512–517. https://doi.org/10.1093/occmed/50.7.512
4. World Health Organization. (2019, May 28). Burn-out an "occupational phenomenon": International Classification of Diseases. https://www.who.int/news/item/28-05-2019-burn-out-an-occupational-phenomenon-international-classification-of-diseases
5. Channawar, S. (2023). A study on the cause and effect of burnout. History research journal, 29(6), 75-79.
6. E, C. (2016, April 12). Doctor burnout, stress and depression: Not an easy fix. U.S. News & World Report. http://health.usnews.com/health-news/patient-advice/articles/2016-04-12/doctor-burnout-stress-and-depression-not-an-easy-fix
7. Amiri, S., Mahmood, N., Mustafa, H., Javaid, S. F., & Khan, M. A. (2024). Occupational Risk Factors for Burnout Syndrome Among Healthcare Professionals: A Global Systematic Review and Meta-Analysis. International Journal of Environmental Research and Public Health, 21(12), 1583. https://doi.org/10.3390/ijerph21121583
8. Leclercq, C., & Hansez, I. (2024). Temporal stages of burnout: How to design prevention? International Journal of Environmental Research and Public Health, 21(12), 1617. https://doi.org/10.3390/ijerph21121617
9. American Psychiatric Association. (2023, July 24). Preventing burnout: Protecting your well-being. APA Blogs. https://www.psychiatry.org/news-room/apa-blogs/preventing-burnout-protecting-your-well-being
10. Leiter, Michael & Maslach, Christina. (2004). Areas of Worklife: A Structured Approach to Organizational Predictors of Job Burnout. 10.1016/S1479-3555(03)03003-8.
11. West, C. P., Dyrbye, L. N., Erwin, P. J., & Shanafelt, T. D. (2016). Interventions to prevent and reduce physician burnout: a systematic review and meta-analysis. Lancet (London, England), 388(10057), 2272–2281. https://doi.org/10.1016/S0140-6736(16)31279-X
12. Aronsson, G., Theorell, T., Grape, T., Hammarström, A., Hogstedt, C., Marteinsdottir, I., Skoog, I., Träskman-Bendz, L., & Hall, C. (2017). A systematic review including meta-analysis of work environment and burnout symptoms. BMC public health, 17(1), 264. https://doi.org/10.1186/s12889-017-4153-7
Психологический центр PSYCHE