Müəllif: Mələk Abbasova, Odlar Yurdu Universiteti, Psixologiya, III kurs | Дата: 2026-09-23
Histrionik Şəxsiyyət Pozuntusu (HŞP) daimi şəkildə diqqət mərkəzində olmaq istəyi və həddindən artıq qabardılmış emosional reaksiyalarla xarakterizə olunan xroniki psixiatrik vəziyyətdir. Bu pozuntu adətən yetkinlik dövrünün başlanğıcında özünü büruzə verir, ömür boyu davam edə bilir və müalicəyə qarşı olduqca müqavimətlidir.
HŞP-dən əziyyət çəkən fərdlər ətrafdakılar tərəfindən çox vaxt diqqət çəkən, dramatik, həddindən artıq fəal, cəlbedici və şirnikləndirici (təhrikedici) insanlar kimi tanınırlar. Onlar diqqət mərkəzində olmadıqları zaman özlərini unudulmuş, dəyərsiz və ya gözardı edilmiş hiss edirlər. Davranışları çox vaxt canlı və füsunkar görünsə də, duyğuları sürətlə dəyişir və səthi qalır; bu da başqalarında onların səmimi olmadığı təəssüratını yaradır.
Histeriyanın Tarixi
Histrionik davranışların kökləri qədim Yunanıstan və Roma təbabətinə qədər uzanır. O dövrün həkimləri həddindən artıq emosional və dramatik davranan insanları müşahidə edərək, bu vəziyyəti yunan dilində uşaqlıq mənasına gələn "hystera" sözündən götürülmüş "histeriya" termini ilə adlandırırdılar. Bu davranışların qadınlara məxsus olduğuna və uşaqlıqdakı narahatlıqlardan qaynaqlandığına inanılırdı.
Tarixən bu diaqnoz sadəcə tibbi anlayış deyil, həm də cəmiyyətin qadınları idarəetmə mexanizminə çevrilmişdi. Patriarxal (kişi mərkəzli) cəmiyyətin qaydalarına tabe olmaq istəməyən, evlənməkdən imtina edən, ailə qurmaq yerinə müstəqil yaşamağı seçən, öz cinsi azadlığını müdafiə edən və ya kişilərlə eyni hüquqları tələb edən qadınlar tez-tez "histerik" və ya "şəxsiyyət pozuntusu olan" fərdlər kimi damğalanırdı. Qadının cəmiyyətin ona diktə etdiyi rollardan (həyat yoldaşı və ana olmaq) imtina etməsi xəstəlik əlaməti kimi qəbul edilir və bu yolla onların azad seçimləri tibbi cəhətdən "anormal" elan edilərək sıxışdırılırdı.
19-cu əsrin sonlarında psixoanalizin banisi Ziqmund Freyd bu mövzuya fərqli yanaşdı. O, histeriyanın fiziki yox, psixoloji pozuntu olduğunu və əsasən emosional ifratlıqlar və diqqət çəkmə istəyi ilə xarakterizə olunduğunu irəli sürdü. Freydin nəzəriyyələri qadın cinsəlliyi və psixologiyası barədə ciddi tənqidlərə məruz qalsa da, bu gün HŞP kimi tanıdığımız simptomların elmi şəkildə araşdırılmasına zəmin yaratdı.
DSM-5-TR: Histrionik Şəxsiyyət Pozuntusunun Diaqnostik Meyarları
Diqqət mərkəzində olmamaqdan narahatlıq: Fərd özünün diqqət mərkəzində olmadığı vəziyyətlərdə özünü narahat və dəyərsizləşdirilmiş hiss edir.
Uyğunsuz cinsi/təhrikedici davranışlar: Başqaları ilə olan münasibətlərində tez-tez uyğunsuz şəkildə cinsi cəhətdən yoldançıxaran və ya təhrikedici davranışlar nümayiş etdirir.
Səthi və sürətlə dəyişən duyğular: Duyğuların ifadəsi sürətlə dəyişir, daxili dərinlikdən məhrum olub səthi xarakter daşıyır.
Fiziki görünüşdən manipulyasiya vasitəsi kimi istifadə: Diqqəti öz üzərinə çəkmək üçün davamlı olaraq fiziki görünüşündən (geyimi, bəzəyi və s.) istifadə edir.
Təfərrüatsız və təsir etməyə yönəlmiş nitq tərzi: Nitq forması həddindən artıq təəssürat yaratmağa yönəlib, lakin əsaslandırılmış faktlardan və təfərrüatlardan tamamilə məhrumdur.
Teatrallıq və qabardılmış emosionallıq: Davranışlarında özünü dramatikləşdirmə, teatrallıq və emosiyaların həddindən artıq qabardılmış nümayişi müşahidə olunur.
Təlqinə meyllilik: Fərd başqalarından və ya cari şəraitdən çox asanlıqla təsirlənir, tez inanır.
Münasibətləri olduğundan daha yaxın zənn etmək: Mövcud olan şəxslərarası münasibətləri (məsələn, adi tanışlığı) reallıqda olduğundan daha yaxın və intim kimi qiymətləndirir.
Histrionik Şəxsiyyət Pozuntusunun Epidemiologiyası
Histrionik Şəxsiyyət Pozuntusunun epidemiologiyası və cinsiyyətlərarası nisbəti psixiatriya tarixində metodoloji baxımdan ən çox təhrifə uğramış mövzulardan biridir. 20-ci əsrin sonlarına qədər aparılan daxili xəstəxana və ambulator klinik araşdırmaları HŞP-nin dominant olaraq qadınlara xas pozuntu olduğunu iddia edirdi. Bu dövrdə stasionar psixiatriya müəssisələrinə müraciət edən pasiyentlər üzərində aparılan müşahidələrdə HŞP diaqnozi qoyulan şəxslərin təxminən 80%-ni (4:1 nisbətində) qadınlar təşkil edirdi (Ford & Widiger, 1989; Widiger & Spitzer, 1991). Lakin müasir metodoloji təhlillər göstərdi ki, klinik nümunələrdə ortaya çıxan bu kəskin disbalans real populyasiya statistikası deyil, iki əsas metodoloji xətanın — müraciət etmə meylliliyinin və həkim gender qərəzliliyinin nəticəsi idi (Ford & Widiger, 1989; Nestadt və b., 1990).
Qadınların emosional gərginlik zamanı psixiatrik kömək almağa daha meyilli olması xəstəxana statistikasında onların payını süni şəkildə artırırdı (Widiger & Spitzer, 1991). Digər tərəfdən, Ford və Widigerin (1989) psixiatrlar arasında apardığı klassik eksperiment təsdiq etdi ki, eyni klinik şərait təqdim edildikdə belə, həkimlər diqqət çəkməyə yönəlmiş və emosional davranışları qadın pasiyentlərdə görəndə "Histrionik", kişilərdə görəndə isə daha çox "Antisosial" və ya "Narsisistik" şəxsiyyət pozuntusu diaqnozu qoymağa meyillidirlər (Ford & Widiger, 1989).
Klinik mühitin yaratdığı bu illüziya Baltimor Epidemioloji Sahə Tədqiqatı (ECA) çərçivəsində Nestadt və həmkarlarının (1990) apardığı genişmiqyaslı cəmiyyət araşdırması ilə təkzib edildi. Klinikaya gələnləri deyil, cəmiyyətdən təsadüfi seçilmiş müayinə qrupunu (792 nəfər tam psixiatrik müayinə daxilində) cəlb edən bu tədqiqatda HŞP-nin cəmiyyətdəki real yayılma sıxlığı 2.1% olaraq müəyyən edilmişdir. Ən mühüm metodoloji yekun isə ondan ibarət idi ki, xəstəxana göstəricilərinin əksinə olaraq, real populyasiyada Histrionik Şəxsiyyət Pozuntusu kişilər və qadınlar arasında bərabər nisbətdə (1:1) paylanır.
Histrionik Şəxsiyyət Pozuntusunun Etiologiyası
Histrionik Şəxsiyyət Pozuntusunun (HŞP) formalaşması bioloji, psixoloji və ətraf mühit amillərinin bir-biri ilə sıx qarşılıqlı təsirindən asılı olan mürəkkəb bir prosesdir. HŞP üzrə birbaşa elmi tədqiqatların sayı məhdud olsa da, bu pozuntunun inkişafında fərdin anadangəlmə temperament xüsusiyyətlərinin təməl rol oynadığı məlumdur. Xüsusilə, cəza və tənqidlərdən yayınmağa yönəlmiş instinktiv həssaslıq, daimi olaraq yeni emosional stimullar və həyəcan axtarışı, həmçinin çətinliklər və maneələr qarşısında iradi gücün tez tükənməsi kimi anadangəlmə xarakter cizgiləri bu pozuntunun zəminini formalaşdırır.
Əkizlər üzərində aparılan araşdırmalar şəxsiyyət pozuntularında genetik zəifliyin mövcudluğunu təsdiq edir. Bu irsi meyllilik uşaqlıq dövründə yaşanan psixoloji laqeydlik, fiziki və ya xüsusilə cinsi istismar kimi ağır erkən travmalarla, eləcə də neqativ sosial-iqtisadi şəraitlə birləşdikdə fərdin adaptiv davranış modellərini ciddi şəkildə pozucu istiqamətə yönəldir. Genetik və ekoloji amillərlə yanaşı, mərkəzi sinir sistemini zədələyən müxtəlif tibbi patologiyalar da şəxsiyyətin strukturunda patoloji dəyişikliklərə yol aça bilir; bura kəllə-beyin travmaları, beyin şişləri, insult, epilepsiya, Hantinqton xəstəliyi, dağınıq skleroz, hormonal pozuntular, toksik zəhərlənmələr və immun çatışmazlığı xəstəlikləri daxildir.
Psixodinamik baxımdan isə bu davranışların təməlində fərdin şüuraltı prosesləri və daxili münaqişələri dayanır. Tanınmış psixoanalitik Vilhelm Rayxın irəli sürdüyü "xarakter zirehi" konsepsiyasına görə, histrionik xarakterli subyektlər daxili təşvişdən və insanlararası münasibətlərin gərginliyindən qorunmaq üçün şüursuz olaraq spesifik müdafiə mexanizmlərinə sığınırlar. Onlar öz daxili qəbulolunmaz hiss və impulslarını başqalarına yükləyir (proyeksiya), reallığı ambivalent şəkildə qəbul edə bilməyib insanları ya tam ideal, ya da tam dəyərsiz görür, emosional reaksiyalarını daha təhlükəsiz hədəflərə yönəldir, daxili boşluğu kompensasiya etmək üçün qeyri-cinsi vəziyyətlərə uyğunsuz dərəcədə erotik məna qazandırırlar (cinsiləşdirmə).
Nəticə etibarilə HŞP, bütün bu bioloji meyllərin, yaşanmış erkən travmaların, üzvi neyroloji xəstəliklərin və dəyişməz psixoloji müdafiə qalxanlarının vəhdətindən yaranan mürəkkəb bir klinik mənzərədir.
Kişilərdə Histrionik Şəxsiyyət Pozuntusunun Təzahür Forması
Histrionik Şəxsiyyət Pozuntusu klinik təcrübədə ənənəvi olaraq qadınlara xas pozuntu kimi qiymətləndirilsə də, son elmi tədqiqatlar bu durumun kişilərdə də oxşar sıxlıqla meydana gəldiyini, lakin sosial-gender normaları səbəbindən fərqli simptomlarla maskalandığını göstərir (French & Shrestha, 2023).
Kişilərdə diqqət mərkəzində olmaq və emosional təsdiq almaq ehtiyacı daha çox hipermaksulinlik, dominantlıq, ifrat xarizma və riskli davranışlar şəklində təzahür edir. Bu tip gender xüsusiyyətləri kişilərin diqqət çəkmə cəhdlərinin cəmiyyət tərəfindən iddialı və ya liderlik davranışı kimi aldanıcı şərh olunmasına gətirib çıxarır; nəticədə klinik mühitdə gender qərəzliliyi yaranır və HŞP-li kişilərə tez-tez yanlış olaraq Narsisistik və ya Antisosial Şəxsiyyət Pozuntusu diaqnozu qoyulur (French & Shrestha, 2023).
Bununla yanaşı, HŞP-yə sahib kişilərdə tənqidə qarşı dözümsüzlük, kiçik hadisələrə həddindən artıq dramatik reaksiyalar vermə, münasibətləri olduğundan daha dərin və yaxın hiss etmə şablonları da müşahid olunur (French & Shrestha, 2023). Narsisizm pozuntusundan fərqli olaraq, HŞP olan kişilərin əsas motivasiyası güc və ya üstünlük nümayiş etdirmək dərəcəsindən ziyadə, daimi olaraq mühitdən emosional diqqət və rəğbət toplamaqdır.
Kişilərdə Histrionik Şəxsiyyət Pozuntusu (HŞP) və Narsisistik Şəxsiyyət Pozuntusu (NŞP) eyni kateqoriyaya (B Klasteri şəxsiyyət pozuntularına) daxildir və hər ikisində diqqət mərkəzində olmaq istəyi güclüdür. Lakin bu iki durumun əsas motivasiyası, emosional ifadəsi və başqaları ilə münasibət qurma tərzi köklü şəkildə fərqlənir.
HŞP və NŞP-nin Əsas Klinik Müqayisəsi
Klinik Xüsusiyyət: Əsas Motivasiya Histrionik Şəxsiyyət Pozuntusu (HŞP): Diqqət və emosional rəğbət qazanmaq Narsisistik Şəxsiyyət Pozuntusu (NŞP): Heyranlıq, üstünlük və güc əldə etmək
Klinik Xüsusiyyət: Emosional Təzahür Histrionik Şəxsiyyət Pozuntusu (HŞP): Emosiyalar səthi, dəyişkən və həddindən artıq dramatikdir Narsisistik Şəxsiyyət Pozuntusu (NŞP): Emosiyalar soyuq, məsafəli və nəzarət altındadır (məğlubiyyət anı istisna)
Klinik Xüsusiyyət: Diqqət Növü Histrionik Şəxsiyyət Pozuntusu (HŞP): İstənilən diqqət yaxşıdır (mənfi və ya zarafat obyekti olsa belə) Narsisistik Şəxsiyyət Pozuntusu (NŞP): Yalnız müsbət, tərifləyici və heyranedici diqqət qəbul edilir
Klinik Xüsusiyyət: Tənqidə Reaksiya Histrionik Şəxsiyyət Pozuntusu (HŞP): İncinmə, göz yaşları, dramatik narazılıq Narsisistik Şəxsiyyət Pozuntusu (NŞP): Narsistik qəzəb, alçaltma və ya təkəbbürlü nifrət
Klinik Xüsusiyyət: Zəiflik və Asılılıq Histrionik Şəxsiyyət Pozuntusu (HŞP): Muxtariyyətini itirmək bahasına olsa da, başqalarından asılı olmağa meyllidir Narsisistik Şəxsiyyət Pozuntusu (NŞP): Özünü tamamilə müstəqil, heç kimə ehtiyacı olmayan kimi qələmə verir
Klinik Xüsusiyyət: Empatiya Histrionik Şəxsiyyət Pozuntusu (HŞP): Var, lakin öz emosional ehtiyacları səbəbindən tez-tez səthi qalır Narsisistik Şəxsiyyət Pozuntusu (NŞP): Empatiya demək olar ki, yoxdur və ya alət kimi istifadə edilir
Histrionik Kişi Nümunəsi: Məclisin, kollektivin "şənliyi" və ya "dram qəhrəmanı" olmağa çalışır. Hətta öz zəifliklərini, uğursuzluqlarını və ya komik tərəflərini qabartmaqdan çəkinmir, təki diqqət onun üzərində olsun.
• Histrionik Kişi Nümunəsi: Məclisin, kollektivin "şənliyi" və ya "dram qəhrəmanı" olmağa çalışır. Hətta öz zəifliklərini, uğursuzluqlarını və ya komik tərəflərini qabartmaqdan çəkinmir, təki diqqət onun üzərində olsun.
• Narsisist Kişi Nümunəsi: Həmişə "ən güclü", "ən ağıllı" və ya "ən uğurlu" şəxs kimi görünməlidir. Öz zəifliyini göstərmək onun üçün dözülməzdir. Diqqəti zarafatla deyil, status, hakimiyyət və ya maddi üstünlüklə çəkir.
Histrionik Pozuntuda Psixogen Bayılmaların Təbiəti
Histrionik şəxsiyyət cizgiləri və ya ümumilikdə B Klasteri şəxsiyyət pozuntuları çərçivəsində müşahidə olunan bayılma epizodları tibbi və psixiatrik ədəbiyyatda Psixogen Qeyri-Epileptik Tutmalar (PNES), Dissosiativ Sinkop və ya Funksional Neyroloji Pozuntu (FND) tərkib hissəsi kimi təsnif edilir (Baslet, 2011; Perez et al., 2015). Bu fenomen xalq arasında "histrionik və ya isterik bayılma" kimi adlandırılsa da, müasir klinik psixiatriyada şüurlu simulyasiyadan (yalançı rol oynamaqdan) kəskin şəkildə fərqləndirilir. Psixogen bayılma zamanı fərd emosional gərginliyi, psixoloji travmanı və ya dözülməz stressi şüuraltı olaraq somatik simptoma çevirir; bu mexanizm psixoanalitik nəzəriyyədə "konversiya" (çevrilmə) kimi xarakterizə olunur (Popkirov et al., 2019).
Fizioloji sinkopdan (məsələn, kardiogen və ya vasovaqal bayılmalar) və ya epileptik tutmalardan fərqli olaraq, psixogen bayılma epizodları zamanı beyin elektroensefaloqramında (EEQ) heç bir patoloji epileptiform aktivlik qeydə alınmır və hemodinamik göstəricilərdə (arterial təzyiq və ürək vurğularının sayı) kəskin funksional enişlər baş vermir (Asadi-Pooya & Sperling, 2015). Neyrobioloji tədqiqatlar göstərir ki, bu pasiyentlərdə emosiyaların emalı ilə məşğul olan badamşəkilli cisim (amiqdala) ilə hərəkət idarəçiliyinə cavabdeh olan motor qabıq zonaları arasında funksional bağlantı pozulur; nəticədə emosional böhran anında beyin "iqnor etmə" və ya "donma" reaksiyası verərək motor nəzarəti müvəqqəti olaraq söndürür (Perez et al., 2015).
Histrionik şəxsiyyət strukturu olan şəxslərdə bu bayılmaların əsas psixodinamik motivasiyası adətən üç təməl sütun üzərində qurulur: həddindən artıq emosional yük halından qaçmaq, dözülməz görünən münaqişə mühitini dərhal neytrallaşdırmaq və ətrafdakıların diqqətini, qayğısını və emosional dəstəyini özünə cəlb etmək (Baslet, 2011; Popkirov et al., 2019). Histrionik təzahürlü psixogen bayılmalar sadəcə "rol oynamaq" deyil, fərdin daxili psixoloji gərginliklə mübarizə aparmaq üçün istifadə etdiyi bəsit somatik müdafiə mexanizmidir (Popkirov et al., 2019). Bu səbəbdən diaqnostikada yalnız neyroloji müayinələrlə kifayətlənməyib, şəxsiyyət strukturu və psixodinamik qiymətləndirmə kompleks şəkildə aparılmalıdır.
Müalicə və İdarəetmə
Psixoterapiya şəxsiyyət pozuntuları üçün əsas müalicə üsuludur, lakin onun HŞP müalicəsindəki effektivliyinə dair elmi sübutlar məhduddur. Ümumi qəbul olunmuş rəyə görə, HŞP ömür boyu davam edən və müalicəyə müqavimət göstərən vəziyyətdir. Araşdırmaların çoxu HŞP müalicəsində aşağı simptom remissiyası dərəcələri və normativ fəaliyyət səviyyələrinə çata bilməmə ilə aşağı effektivlik bildirir.
Şəxsiyyət pozuntularının müalicəsində terapevtik alyansın yaradılması və bunun davam etdirilməsi çox vacibdir. HŞP-si olan şəxslər adətən xəstəliklərini qəbul etmir və müalicə fikrinə müqavimət göstərə bilərlər. Müdaxilə olunmadan HŞP-nin öz-özünə keçməsi ehtimal olunmadığından, müalicənin əsas diqqət mərkəzi şəxslərarası münaqişələri azaltmaq və psixososial fəaliyyəti stabilləşdirmək ola bilər. Psixoterapiya texnikaları ümumiyyətlə ziddiyyətli nəticələr versə də, HŞP üçün potensial müalicə üsulları kimi araşdırılmışdır.
HŞP-si olan 159 xəstə üzərində aparılan bir araşdırmada, aydınlaşdırma yönümlü (clarification-oriented) psixoterapiya ilə yaxşılaşma müşahidə olunmuşdur. Terapevtik alyans (terapevt-xəstə əməkdaşlığı), bütün şəxsiyyət pozuntularında olduğu kimi HŞP müalicəsində də son dərəcə vacibdir. Psixotrop dərmanlar ümumiyyətlə HŞP üçün effektsizdir və ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş spesifik dərmanlar mövcud deyildir. Bununla bərabər, müşayiət edən psixiatrik vəziyyətləri psixotrop dərmanlarla müalicə etmək çox güman ki, simptomları yaxşılaşdıra bilər.
Ədəbiyyat Siyahısı
Asadi-Pooya, A. A., & Sperling, M. R. (2015). Clinical features of psychogenic nonepileptic seizures. Clinical Neurology and Neurosurgery, 131, 1–5. https://doi.org/10.1016/j.clineuro.2015.01.011
Babl, A., Gómez Penedo, J. M., Berger, T., Schneider, N., Sachse, R., & Kramer, U. (2022). Change processes in psychotherapy for patients presenting with histrionic personality disorder. Psychotherapy Research, 32(7), 891–904. https://doi.org/10.1080/10503307.2021.2018507
Baslet, G. (2011). Psychogenic non-epileptic seizures: A model of their pathogenic mechanism. Seizure, 20(1), 1–13. https://doi.org/10.1016/j.seizure.2010.10.032
French, J. H., & Shrestha, S. (2023). Histrionic Personality Disorder. StatPearls Publishing. https://www.ncbi.nlm.nih.gov/books/NBK542325/