TikTok və İnstagram istifadəsinin gənclərin diqqət müddətinə təsiri
← Назад Cover

TikTok və İnstagram istifadəsinin gənclərin diqqət müddətinə təsiri

Müəllif: Mələk Əlizadə | Дата: 2026-11-08


İnternetin istifadəsinin asanlığı və geniş əlçatanlığı insanların həm anonim qalmasına, həm də oxşar maraqlara malik şəxslərlə ünsiyyət qurmasına imkan verən bir mühit yaratmışdır. Elektron müzakirə forumları və sosial şəbəkə platformaları istifadəçilərə maraq dairələrinə uyğun mövzular haqqında ictimai paylaşımlar vasitəsilə digər insanlarla fikir mübadiləsi aparmağa şərait yaradır. [1]

Diqqət müddətinin (attention span) yüksək olması beynin müəyyən bir tapşırığa fokuslanaraq diqqəti yayındıran amilləri süzgəcdən keçirməsi qabiliyyətini ifadə edir. Öyrənmə və məhsuldarlıq işçi yaddaş, impulsların idarə olunması və icraedici funksiyalar kimi bir sıra koqnitiv bacarıqlardan asılıdır. Məktəbdə və ya iş mühitində uzun müddət diqqəti saxlamaq öyrənənlərin məntiqi düşünməsinə, öyrəndiklərini yadda saxlamasına və problemləri həll etməsinə kömək edir.

Son illərdə TikTok və Instagram Reels kimi platformaların qısa və sürətli videoları insanların daim yeni məlumat axtarmaq meylini gücləndirmişdir. Bunun nəticəsində uzun müddət bir mövzuya fokuslanmaq daha çətin hala gəlmişdir. Sonsuz sürüşdürmə (infinite scroll) mexanizmi və çoxsaylı bildirişlər beyində dopamin səviyyəsini artıraraq istifadəçiləri davamlı şəkildə tətbiqlər arasında keçid etməyə sövq edir. Nəticədə uşaqların və gənclərin diqqətlərini toplaması getdikcə çətinləşir və bu vəziyyət narahatlıq hissi yarada bilir.[4]

Onlayn video platformalarından, xüsusilə TikTok-dan istifadənin sürətlə artması dünya üzrə tələbələrin diqqət müddətində nəzərəçarpacaq azalmalara səbəb olmuşdur. Bir çox şagird və tələbə dərslər zamanı diqqətini saxlamaqda çətinlik çəkir, 40–45 dəqiqə ərzində sakit oturaraq tədris materialı ilə məşğul olmaq onlar üçün getdikcə daha çətinləşir.Diqqət müddətinin azalması akademik nailiyyətlərə ciddi təsir göstərir və koqnitiv funksiyaların yenidən formalaşmasına səbəb olaraq konsentrasiya və məlumatın yadda saxlanılması qabiliyyətini zəiflədə bilər. Bir sıra tədqiqatlar valideynlərə uşaqların video paylaşım platformalarından istifadəsini məhdudlaşdırmağı tövsiyə etsə də, Z nəslinə aid istifadəçilərin sayı qlobal miqyasda artmaqda davam edir. Bu isə problemin həlli üçün daha innovativ yanaşmaların vacibliyini göstərir. TikTok-un sürətli məzmun formatı yaddaş, tənqidi düşünmə və problem həll etmə kimi daha geniş koqnitiv funksiyalara da təsir göstərə bilər. Qısa informasiya parçalarına davamlı məruz qalmaq tələbələrin məlumatları uzunmüddətli yaddaşda saxlamaq və sonradan xatırlamaq qabiliyyətini zəiflədə bilər. Eyni zamanda informasiya yüklənməsi (information overload) koqnitiv yükü artıraraq məlumatların effektiv şəkildə emal edilməsini və yadda saxlanılmasını çətinləşdirir. İştirak səviyyəsi, motivasiya və sosial qarşılıqlı əlaqələr kimi davranış amilləri TikTok-un diqqət müddəti və öyrənmə davranışları üzərindəki təsirində mühüm rol oynayır. TikTok-un diqqət müddətinə təsiri ilə bağlı tədqiqatlar iki fərqli mövqeyi ortaya qoyur. Bir qrup alim platformanın təsirlərinin əhəmiyyətsiz və ya müəyyən hallarda faydalı olduğunu irəli sürərək TikTok-un gənc nəslin dəyişən koqnitiv xüsusiyyətlərinə uyğunlaşdığını bildirir. Bu yanaşmaya görə diqqət müddətindəki azalma qalıcı pozuntu deyil, yəni media mühitinə müvəqqəti adaptasiyadır. Digər tərəfdən, bəzi tədqiqatlar TikTok-un təhsil prosesinə inteqrasiya edildiyi zaman müsbət nəticələr verə biləcəyini vurğulayır. Belə nəticələrə yaradıcılığın inkişafı, vizual və eşitmə materiallarına diqqətin artması, tapşırıqla əlaqəli məlumatlara fokuslanmanın yaxşılaşması, həmçinin koqnitiv çeviklik və uyğunlaşma qabiliyyətinin güclənməsi daxildir. TikTok-un təhsil potensialı öyrənmə mühitində tələbələrin diqqət müddətinin artırılması üçün imkanlar yaradır. Tədris məqsədli çağırışlar (learning challenges) və şərh bölmələrində aktiv iştirak kimi fəaliyyətlər tələbələrin akademik materiallara diqqətini əyləncə yönümlü məzmunla müqayisədə daha çox artırır. Bundan əlavə, TikTok həmyaşıdlar arasında öyrənməni və sosial qarşılıqlı əlaqəni təşviq edir ki, bu da real vaxt rejimində ünsiyyət və birgə öyrənmə vasitəsilə diqqət müddətinin inkişafına müsbət təsir göstərə bilər. [3]

Instagram Reels sosial mediada yaranmış ən yeni tendensiyalardan biridir və artıq həm yaradıcı, həm də analitik düşüncəyə malik insanların diqqət müddətinə təsir göstərməyə başlamışdır. Bu istiqamətdə aparılmış pilot tədqiqatın məqsədi Reels məzmununa məruz qalmadan əvvəl və sonra fərdlərin diqqət müddətindəki dəyişiklikləri araşdırmaq olmuşdur. Tədqiqatda yaşı 20–25 arasında olan 20 tələbə iştirak etmişdir. Nümunəyə 10 kişi və 10 qadın daxil edilmiş, seçmə üsulu kimi məqsədli seçmə (selective sampling) tətbiq olunmuşdur. Diqqət müddətinin ölçülməsi üçün Tangram və Word Search testlərindən istifadə edilmişdir. Məlumatların statistik təhlili üçün R proqram təminatında qoşalaşdırılmış və müstəqil t-testlər, həmçinin birfaktorlu və ikifaktorlu ANOVA analizləri həyata keçirilmişdir. Nəticələr sıfır hipotezini dəstəkləmişdir; yəni Reels məzmununa məruz qalmadan əvvəl və sonra diqqət müddəti arasında statistik cəhətdən əhəmiyyətli fərq aşkar edilməmişdir. Bununla belə, müşahidələr və ilkin nəticələr göstərmişdir ki, iştirakçıların diqqət göstəriciləri məruz qalmazdan əvvəl daha yüksək olmuşdur. Tədqiqat pilot xarakter daşıdığından müəlliflər bu sahədə daha geniş və əhatəli araşdırmalara ehtiyac olduğunu vurğulamışlar. Orlando Sentinel qəzetinin jurnalisti Jill Ebstein-in fikrincə, insanların diqqət müddəti son illərdə qızıl balığın diqqət müddəti səviyyəsinə qədər azalmışdır. Müəllif hesab edir ki, orta insanın diqqət müddəti artıq qızıl balığın diqqət müddətindən daha qısadır. Sürətli həzz və asılılıq yaradan diqqət yayındırıcı amillərlə dolu müasir dünyada qısa diqqət müddəti və konsentrasiya çatışmazlığı getdikcə adi hala çevrilir. [5]

Valideynlər üçün tədqiqatçı Larry D. Rosen bir sıra tövsiyələr vermişdir. O qeyd edir: “Əgər uşağınızın sosial şəbəkələrdəki fəaliyyətini gizli şəkildə izləmək üçün xüsusi proqram təminatından istifadə etməli olduğunuzu düşünürsünüzsə, vaxtınızı boşa sərf edirsiniz. Uşağınız bir neçə dəqiqə ərzində bu nəzarəti aşmağın yolunu tapacaqdır.”

Rosen vurğulayır ki, valideynlər erkən yaşlardan etibarən uşaqlarla texnologiyadan düzgün istifadə mövzusunda açıq dialoq qurmalı və qarşılıqlı etimad yaratmalıdırlar. Bu halda uşaqlar kiberzorakılıq və ya narahatedici məzmunla qarşılaşdıqda valideynlərinə müraciət etməyə daha meylli olacaqlar. O, həmçinin valideynlərə övladlarının sosial şəbəkələrdəki fəaliyyətlərini qiymətləndirməyi, uyğun olmayan məzmunların və problem yarada biləcək əlaqələrin aradan qaldırılmasını müzakirə etməyi tövsiyə etmişdir. Bundan əlavə, valideynlər uşaqların istifadə etdiyi yeni texnologiyalar, veb-saytlar və tətbiqlər barədə məlumatlı olmalıdırlar. Rosenin fikrincə: “Ünsiyyət valideynliyin əsasını təşkil edir. Uşaqlarınızla danışmalısınız, daha doğrusu onları dinləməlisiniz. Valideynin dinləmə və danışma nisbəti ən azı 5:1 olmalıdır. Bir dəqiqə danışın, beş dəqiqə dinləyin.” [2]

İstinadlar

1.Messina ES, Iwasaki Y. Internet use and self-injurious behaviors among adolescents and young adults: An interdisciplinary literature review and implications for health professionals. Cyberpsychol. Behav. Soc. Netw. 2011;  14:  161–168.

2.APA.  Social networking's good and bad impacts on kids. 2011.

3.Matchin (2024). Matchin' - The TikTok effect: TikTok's algorithm and its impact on trends. Matchin.be. Retrieved December 31, 2024, from 

4.PolicyJournalofSocialScienceReview 

İmpact of social media engagement on attention span among young adults: the mediating role of fear of missing out

5.Impact of Instagram Reels on the Attention Span of Creative and Analytic Thinkers HS Varshaa, K Shreya, Ms Sanjukta Ghosh 



Психологический центр PSYCHE